ABŞ-də yaşayan Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu, professor Nərgiz Əliyarovanın təsisçisi və rəhbəri olduğu Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin (Nyu-York) keçirdiyi V Beynəlxalq bəstəkarlıq müsabiqəsinin qala-konserti sentyabrın 25-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində (BMM) təşkil edilib.

Konsert Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşib.

Qeyd edək ki, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin müsabiqə layihəsi Azərbaycan musiqi sənətinin təbliğinə xidmət edir. Şərtlərdən biri iştirakçıların Azərbaycan musiqisindən bəhrələnməsi və bunu öz bəstələrində qeyd etməsidir.

BMM-dən verilən məlumata görə, konsertdən öncə filologiya elmlər doktoru, professor Fəridə Şəfiyeva çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıb, qalibləri təbrik edib.

Konsertdə “Cadenza” orkestri (dirijor Samir Əsədov) və solistlərin ifasında müsabiqənin qalibləri olan əcnəbi bəstəkarların əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərləri də səslənib.

Proqramda bu əsərlər yer alıb: Üzeyir Hacıbəyli – "Arşın mal alan" operettasından Əsgərin mahnısı; Ü. Hacıbəyli – “Sənsiz” (Q. Burşteynin işləməsi); Asəf Zeynallı – "Ölkəm"; Fikrət Əmirov –  "Sevil" operasından Dilbərin romansı; Niyazi –  "Arzu"; Lalə Cəfərova – “Azərbaycan maralı”;  Zərrin Şükür - Kiçik süita (1-ci, 3-cü hissələr);  Şafak Alıcıoğlu (müsabiqədə I yer – Türkiyə); Federico Beilinson (II yer – Argentina);  Xun Wang  (III yer – Çin Xalq Respublikası).