Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağstafa Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil sektorunun birgə təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər arasında "Zəka memarı" adlı intellektual yarış keçirilib.

Bu barədə "Keşikçidağ" qoruğundan məlumat verilib.

"Şəhərsalma və Memarlıq ili" çərçivəsində təşkil olunan yarışın məqsədi müəllimlərin intellektual potensialının və dünyagörüşünün inkişaf etdirilməsi, onların şəhərsalma və memarlıq sahəsində biliklərinin artırılması, Azərbaycanın tarixi-mədəni irsinin, memarlıq nümunələrinin və tarixi abidələrinin tanıdılması, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsidir.

Ağstafa rayon Vurğun qəsəbə tam orta məktəbində keçirilən tədbir üç mərhələdən ibarət olub.

Komandalara "Şəhərsalma və Memarlıq İli", mədəni irsin daşıyıcıları olan tarixi abidələr, onların qorunması və təbliği mövzularını əhatə edən suallar təqdim olunub.

Münsiflər heyətinin yekun rəyinə əsasən, I yerə “Şuşa" komandası – H.Əlizadə adına Köçəskər kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi, II yerə “Tağlar" komandası – R.Alıcanov adına Köçvəlili kənd tam orta ümumtəhsil məktəbi, III yerə “Dəmir yumruq” komandası – A.Mustafayev adına Həsənsu kənd tam orta ümumtəhsil məktəbi layiq görülüb.