Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində “Qış səyahəti” – Şubert-Müller-Baçinski" adlı konsert keçirilib.

“Qış səyahəti” avstriyalı bəstəkar Frans Şubertin (Schubert) musiqisi, alman şairi Vilhelm Müllerin mətnləri və polşalı şair Kşiştof Kamil Baçinskinin (Baczyński) poeziyası əsasında qurulmuş bədii-musiqili proqramdır.  

Avropanın bir sıra şəhərlərində, o cümlədən Berlin Filarmoniyası Orkestri və Varşava Orkestri tərəfindən təqdim olunan proqram Almaniya və Polşanın birgə mədəniyyət layihəsidir.

Layihə Şubert və Müllerin XIX əsrdə yaratdığı “Qış səyahəti”nin tənhalıq və sərgərdanlıq ruhu ilə arzuları müharibə alovunda puç olan Baçinskinin faciəvi taleyi arasında körpü yaradıb. Musiqi ifası müasir işıqlandırma və video-installyasiya ilə müşayiət olunub. Proqramda Frans Şubertin “Qış səyahəti”, Op. 89 silsiləsindən 24 mahnı iki hissədə təqdim edilib.

Əsərlər vokalçı Lukas Koneçnının ifasında, Nikolaus Reksronun fortepiano müşayiəti və Pyotr Opavskinin video təqdimatı ilə səslənib.