Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində həyata keçirdiyi “Sənət inciləri” layihəsinin tədbiri Xəzər Universitetində təşkil olunub.
MEMİM-dən verilən məlumata görə, mühazirə-konsert Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), Xəzər Universiteti və Beynəlxalq Muğam Mərkəzinin (BMM) dəstəyi ilə keçirilib.
Xəzər Universitetinin Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək Üzeyir Hacıbəyli fenomeni haqqında fikirlərini bölüşüb, onun bəstəkar, pedaqoq, musiqişünas, təhsil təşkilatçısı və ictimai xadim kimi çoxşaxəli fəaliyyətindən maraqlı məqamları diqqətə çatdırıb.
MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov “Sənət inciləri” layihəsinin Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində ötən ildən təşkil olunduğunu bildirib. Vurğulayıb ki, layihə dahi bəstəkarın musiqi mədəniyyətimizin inkişafında əvəzolunmaz xidmətlərini və onun zəngin yaradıcılıq irsini xüsusilə gənc nəslə çatdırmağa töhfə vermək məqsədi daşıyır.
MEMİM-in əməkdaşı Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə davam edən tədbirdə daha sonra sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərlinin “Üzeyir Hacıbəylinin yaradıcılığında xalq musiqisindən istifadə məsələləri” mövzusunda mühazirəsi dinlənilib.
Bədii hissədə BMM-in C.Cahangirov adına Xoru (bədii rəhbər: Əməkdar müəllim, Prezident mükafatçısı Təranə Yusifova), BMA, ADMİU və Xəzər Universiteti tələbələrinin birgə iştirakı ilə “Leyli və Məcnun” operasından səhnələr təqdim olunub. Operadan parçaları Xəzər Universitetinin kamera orkestri (bədii rəhbər: Musiqi və incəsənət departamentinin müdiri, Əməkdar müəllim Zülfiyyə Sadıqova, dirijor: Hüseyn Kərimov) müşayiət edib.
Həmçinin orkestr və xor kollektivinin ifasında “Koroğlu” operasından musiqi parçaları səsləndirilib. Xanəndə qız obrazını Xalq artisti Gülyaz Məmmədova təqdim edib. Hər iki operadan səhnələrdə Xəzər Universitetinin qızlardan ibarət rəqs qrupu (bədii rəhbər: Səbinə İsmayılova) da yer alıb.
Proqramda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından duet və ariyalar, “Ey Vətən” mahnısı, Əməkdar artist Fəridə Məlikovanın rəhbərliyi ilə kamança ansamblının ifasında operettadan fraqmentlər səsləndirilib.
Görkəmli bəstəkar Müslüm Maqomayevin “Nərgiz” operasından ariya və Emil Əfrasiyabın Ü.Hacıbəylinin əsərləri mövzusunda “Parafraz” kompozisiyası da tədbirə rəng qatıb.
Bədii proqram alqışlarla qarşılanıb.
Tədbir məkanında Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsini əks etdirən nəşrlərdən ibarət guşə də təşkil olunub.





























