Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 27 sentyabr – Anım Günü film və tamaşa ilə qeyd olunub.
Əvvəlcə Akademik Milli Dram Teatrı tərəfindən 2020-ci ildə ərsəyə gətirilən “Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olunub.
Ekran əsəri Vətən müharibəsində şəhid olmuş baş leytenant Rövşən Nurzadənin atası Xalq artisti Əli Nur, eləcə də Xalq artistləri Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova və Akademik Milli Dram Teatrında çalışan müharibə iştirakçıları – Tərlan Əsgərli, Ruslan Kərimov, Fuad Cəbrayılov və Rüfət Cabbarovun xatirə və müharibə təəssüratları üzərində qurulub.
Film nümayişindən sonra 2025-ci ildə teatrın repertuarına daxil olan, Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanı əsasında hazırlanmış eyniadlı tamaşa oynanılıb.
Səhnə əsərinin budəfəki nümayişi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunub.






















