Vətən müharibəsində tarixi Zəfərin birinci ildönümümdə Akademik Musiqili Teatrda ərsəyə gələn "Bir nəfəs qədər" tamaşası 27 Sentyabr – Anım Günündə növbəti dəfə nümayiş olunub.

Prezident mükafatçısı Samir Qulamovun eyniadlı pyesi əsasında və müəllifin quruluşunda hazırlanan səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən Ana obrazı canlandırılır.

Fikrət Əmirovun möhtəşəm musiqisi ilə müşayiət olunan tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. Tamaşada Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunub.

Tamaşada Əməkdar artist Nahidə Orucova, aktyorlar Əmrah Dadaşov, Gülnarə Abdullayeva, Gülcahan Salamova, Ofeliya Novruzqızı,  Hüseyn Əlili, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Murad Əliyev, Əli Kərimov və digər aktyorlar iştirak edirlər.

***

"Bir nəfəs qədər" Zəfərimizdən bəhs edir və biz onu ilk Zəfər ilimizə həsr etmişdik. Səhnə əsərini bir neçə il ərzində dəfələrlə nümayiş etdirmişik.

Bunu tamaşanın müəllifi və rejissoru Samir Qulamov deyib.

Rejissor qeyd edib ki, bu, tarixi Zəfərimizə həsr olunan ilk səhnə əsərlərindən biridir və ən böyük qürurumuz onu ilk dəfə şəhid analarının qarşısında nümayiş etdirməyimiz oldu: “Əsas məqsədim müharibədən bəhs edən fərqli bir səhnə əsəri yaratmaq idi. Bu tamaşanı şəhidlərimizin və qazilərimizin analarına ithaf etdik. Düşünürəm ki, hər mədəniyyət xadimi belə mövzuda sənət əsəri yaratmağı özünə borc bilməlidir”.