Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə sentyabrın 28-də yerli media nümayəndələri üçün Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil edilib.
Əvvəlcə kompleksin ərazisində fəaliyyət göstərən Turizm informasiya mərkəzi və sərgi zalları ilə tanışlıq olub.
Media nümayəndələrinə palçıq vulkanlarının yaranması, geoloji xüsusiyyətləri, ərazidəki təbii sərvətlər və vulkanların Azərbaycan təbiətindəki yeri barədə məlumat verilib.
Tur iştirakçıları Azərbaycan və dünya faunasına aid 1000-ə yaxın nümunənin nümayiş etdirildiyi təbiət tarixi sərgi zalı ilə tanış olublar. Burada müxtəlif heyvan və quş növlərinə aid eksponatlarla yanaşı, Azərbaycanın təbiəti və biomüxtəlifliyi barədə məlumatlar təqdim edilir.
Mediatur kompleksin emalatxanalarını da əhatə edib, iştirakçılar dulusçuluq və neftlə rəsm çəkilməsi üzrə master-klasları izləyiblər.
Sonra kompleksin açıq ərazisində yerləşən palçıq vulkanlarına baxış keçirilib. Bildirilib ki, burada bir sırada düzülmüş 8 təpədən ibarət “Qılınc” palçıq vulkanını, eləcə də neft püskürən vulkanı yaxından müşahidə etmək mümkündür. Bundan başqa, Azərbaycanın və dünyanın ən böyük palçıq vulkanı hesab olunan, hündürlüyü 402 metr, diametri 150 metr olan “Torağay” palçıq vulkanını kənardan izləmək olar.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin idarə heyətinin sədri Murad Ağabəyli mediatur iştirakçılarına kompleksin fəaliyyəti və burada yaradılan turizm imkanları barədə məlumat verib.
Bildirib ki, 2024-cü ildə istifadəyə verilən və fərqli turizm məhsulu olan Palçıq Vulkanları Turizm Kompleksi paytaxta gələn turistlərin ən çox səfər etdikləri məkanlardan biridir.
Murad Ağabəyli palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılmasının bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirməyə və onların təbiət irsi kimi təbliğinə töhfə verdiyini vurğulayıb.
O, həmçinin DTA-nın tabeliyində fəaliyyət göstərən digər qoruq və müəssisələrdə turistlər üçün yaradılmış imkanlar, regionlarda yaradılan yeni turizm məhsulları, həyata keçirilən layihələr və turizm obyektlərini ziyarət edənlərin sayı barədə məlumat verib.
Bildirilib ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən qoruq və muzeyləri ümumilikdə 432 min 296 turist bilet alaraq ziyarət edib. Onlardan 303 min 426 nəfəri əcnəbi turist olub. Daha 95 min 260 nəfər qoruq və muzeyləri ödənişsiz qaydada ziyarət edib.
Palçıq Vulkanları Turizm Kompleksini isə cari ilin yanvar-avqust ayları ərzində 28 min 979 nəfər, o cümlədən 26 min 235 nəfər əcnəbi bilet alaraq ziyarət edib. 798 nəfər kompleksi ödənişsiz qaydada ziyarət edib.
Kompleksi ziyarət edənlər arasında Çin, Rusiya, Türkiyə, İsrail, Hindistan, Polşa, Almaniya, İtaliya, Bəhreyn və ABŞ vətəndaşları üstünlük təşkil edib.
























