Zəngin proqramı ilə davam edən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı (18-30 sentyabr) sona yaxınlaşır.

Artıq ikinci ildir ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında çıxış edən Azərbaycan Dövlət Uşaq Filarmoniyası (ADUF) da bu musiqi bayramına öz töhfəsini verir.

Sentyabrın 25-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında festival çərçivəsində konsert proqramı keçirilib.

Bu barədə ADUF-dan məlumat verilib.

Tamaşaçılar arasında mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, Heydər Əliyev Fondunun, Fransa və Moldovanın Bakıdakı səfirliklərinin nümayəndələri də olub.

Konsert proqramı Azərbaycan Dövlət Uşaq Filarmoniyasının foyesində ADUF-un solistləri, Uşaq-gənclər xalq çalğı alətləri orkestri (bədii rəhbər: Xalq artisti Ağaverdi Paşayev), Uşaq xor kapellası (bədii rəhbər: Əməkdar artist Naala Barateliya) və xanəndəlik sinfinin (müəllim Elburus Niftəliyev) çıxışları ilə başlanıb.

Üzeyir Hacıbəylinin müəllifi olduğu Azərbaycanın Dövlət Himni Uşaq-gənclər xalq çalğı alətləri orkestri və Uşaq xor kapellasının ifasında təntənəli, əzəmətli səslənişiylə alqışlara səbəb olub.

Sonra dahi bəstəkarın “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru, Səid Rüstəmovun “Qaytağı”, Süleyman Ələsgərovun “Poema” əsərləri, Arif Məlikovun, Dadaş Dadaşovun xalq çalğı alətləri orkestri üçün süitalarından hissələr və “Qarabağ şikəstəsi” ifa olunub.

Proqramın II hissəsi ADUF-un konsert zalında davam edib.

Azərbaycan bəstəkarlarının bir-birindən maraqlı əsərləri istedadlı solistlərin ifasında fortepiano, violin, fleyta, balaban və qanun alətlərində, eləcə də vokal nömrələri ilə təqdim olunub.

İnstrumental ifalarla yanaşı, rəngarəng xoreoqrafik lövhələrdən ibarət nömrələr də tamaşaçıların marağına səbəb olub.

Proqramın xüsusi məqamlarından biri isə ADUF-un daim diqqət mərkəzində saxladığı, öz istedad və bacarıqları ilə seçilən xüsusi qayğıya ehtiyacı olan uşaqların çıxışları idi. Onların ifaları konsert proqramına xüsusi rəng qatıb.

Konsertin sonunda mədəniyyət naziri Adil Kərimli uşaqlarla görüşərək onları uğurlu ifa münasibətilə təbrik edib, fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.