Şuşa Dövlət Musiqili Dram Teatrında (Bakı şəhərində yerləşir) 27 sentyabr – Anım Günü ilə əlaqədar Xaqani Əliyevin eyniadlı əsəri əsasında hazırlanmış "İki əsgər” tamaşası nümayiş olunub.
Nümayişdən əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Teatrın direktoru vəzifəsini icra edən Əməkdar artist Azad Məmmədov Anım Gününün qeyd edilməsinin gənclərin vətənpərvər ruhda tərbiyə edilməsindəki əhəmiyyətindən danışıb, torpaqlarımızın azadlığı uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsinin həmişə xalqımız üçün əziz olacağını vurğulayıb.
"İki əsgər”də əsgər Vüqar Ağayevin timsalında düşmənə nifrət edən, bununla yanaşı mərhəməti, cəsarəti, mərdliyi, qorxmazlığı ilə düşmən əsgərindən qat-qat üstün olan Azərbaycan əsgərinin ümumiləşmiş obrazı yaradılıb.
Tamaşanın bədii rəhbəri mərhum Əməkdar artist Yadigar Muradov (1958–2025) olub. Rejissor Lalə Şirinova, rəssam Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovadır.
Səhnə əsərində obrazları teatrın aktyorları Emin Sevdiməliyev, Zəhra Salayeva, Dürdanə Dünyamalıyeva, Cavid Cavadzadə və Əhliman Ərşadlı ifa ediblər.
























