8-10 oktyabr tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) IV Beynəlxalq türk dili və ədəbiyyatının tədrisi simpoziumu keçiriləcək.

Universitetdən bildirilib ki, Birinci Türkologiya Qurultayının (Bakı, 1926) və Ankara Qazi Universitetinin 100 illiyi, eləcə də ADU-nun 80 illiyi münasibətilə təşkil olunan simpoziuma Türkiyə, Yaponiya, Rusiya, Polşa və digər ölkələrdən alim və tədqiqatçıların qatılacağı nəzərdə tutulub.

Simpoziumda türk dili və ədəbiyyatının tədrisi sahəsində aktual məsələlər, müasir metodoloji yanaşmalar və təhsil imkanları müzakirə olunacaq, müxtəlif ölkələrin alim və tədqiqatçıları arasında fikir və təcrübə mübadiləsi aparılacaq.

Tədbirin əsas məqsədi türk dili və ədəbiyyatının tədrisi ilə bağlı müasir yanaşmaları, mövcud problemləri və inkişaf perspektivlərini müzakirə etmək, qabaqcıl təcrübənin və elmi fikirlərin mübadiləsinə şərait yaratmaqdır. Simpozium çərçivəsində ölkənin müxtəlif ali təhsil müəssisələrindən olan alim, tədqiqatçı və mütəxəssislərin iştirakı da nəzərdə tutulub. Bu baxımdan tədbir türk dili və ədəbiyyatının tədrisi sahəsində elmi əlaqələrin genişləndirilməsi və akademik əməkdaşlığın inkişafı üçün imkan yaradacaq.

Simpozium iştirakçıları türk dili və ədəbiyyatının tədrisi sahəsində beynəlxalq təcrübə ilə tanış olmaq və tədqiqat nəticələrini geniş elmi auditoriyaya təqdim etmək imkanı əldə edəcəklər.

Tədbirin türk dili və ədəbiyyatının tədrisi sahəsində elmi əməkdaşlığın genişləndirilməsinə, birgə tədqiqat və layihələrin təşviqinə, eləcə də türkoloji araşdırmaların yeni istiqamətlər üzrə inkişafına töhfə verməsi nəzərdə tutulur.