Sentyabrın 25-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə kitabxanadan məlumat verilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı Anım Gününün tarixi və mənəvi əhəmiyyətindən bəhs edərək altı il öncə məhz bu gündə başlanan Vətən müharibəsində işğal altındakı torpaqlarmızın azad olunduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini vurğulayıb.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru çıxışında Anım Gününün xalqımızın milli yaddaşında mühüm yer tutduğunu qeyd edib. Bildirilib ki, Vətən uğrunda canından keçən şəhidlərimizin həyat və döyüş yolu, göstərdikləri misilsiz qəhrəmanlıq və fədakarlıq gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında mühüm örnəkdir. Onların əziz xatirəsinin yaşadılması və qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.
Tədbirdə ailə üzvləri arasında şəhid və qaziləri olan kitabxana əməkdaşlarının çıxışları dinlənilib.
Çıxışçılar şəhid və qazilərimizin həyat yolu, Vətənə bağlılığı, döyüşlərdə göstərdikləri şücaət və Azərbaycan qarşısındakı xidmətləri barədə məlumat verib, ailə və yaxınlarının xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Vətən müharibəsi iştirakçılarının həyat və döyüş yolunu əks etdirən videoçarxlar nümayiş etdirilib, şəhid və qazilərimizin qəhrəmanlığından bəhs edən foto və slaydlar təqdim olunub. Vizual materiallar vasitəsilə Vətən müharibəsinin tarixi, xalqımızın həmrəyliyi və qəhrəmanlarımızın fədakarlığı iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından Vətən övladlarının xatirəsini yad etmək, onların qəhrəmanlıq irsini gənc nəslə tanıtmaq, uşaqlar və yeniyetmələrdə vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq və tarixə ehtiram hisslərini gücləndirmək olub. Bu baxımdan, Vətən müharibəsi və milli mübarizə tarixini əks etdirən ədəbiyyat nümunələrinin oxuculara təqdim edilməsinin əhəmiyyəti də vurğulanıb. Qeyd olunub ki, kitab və mütaliə vasitəsilə tarixi yaddaşın qorunması, şəhidlərimizin həyat və mübarizə yolunun gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.






















