Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Dövlət Dram Teatrının dəstəyi ilə 1–5 oktyabr tarixlərində V Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.
Festivala Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri gələcək. Azərbaycanı festivalda Şəki Dövlət Dram Teatrı və Dövlət Pantomim Teatrı təmsil edəcək.
Açılış günündə Şəki Dövlət Dram Teatrı türkiyəli dramaturq Tuncer Cücenoğlunun “Uçqun” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edəcək. Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşada insanın daxilindəki qorxu hissinə qalib gəlməsi mövzusu ön plana çəkilir.
Növbəti gündə Nartay Bekejanov adına Kızılorda Vilayət Qazax Akademik Musiqili Dram Teatrı (Qazaxıstan Respublikası) rus dramaturqu Aleksandr Ostrovskinin “Tufan” pyesi əsasında hazırlanmış tamaşanı nümayiş etdirəcək. Dina Jumabayevanın quruluş verdiyi səhnə əsərində daxili mübarizə, ağrı və cəmiyyətin yaratdığı buxovlardan azad olmaq istəyən qadının hekayəsi əks olunur.
Üçüncü gün Azərbaycan Dövlət Pantomim Teatrı rus yazıçısı Nikolay Qoqolun “Şinel” povesti əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı təqdim edəcək. Ceyhun Dadaşovun quruluş verdiyi tamaşada şinel müxtəlif insanların əlinə keçir. Səhnə əsərində ona sahib olan insanın cəmiyyətdə daha çox diqqət, hörmət və sevgi qazandığı göstərilir.
İrandan gələn kollektiv – Ərdəbil Muğan Hünər Teatrı yerli dramaturq Arif Məhtabın müəllifi olduğu “İçimdə bir Araz addımlayır” tamaşasını festivalın dördüncü günü göstərəcək. Qərib Mənuçehrinin quruluş verdiyi səhnə əsərində gənc qadının həsrəti və gözləntisi, kişinin vətəninə qayıdana qədər illərlə çəkdiyi əziyyət və onların qovuşa bilməməsi təsvir olunur.
Bağlanış günündə isə Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı “Məsxərəboz-Şou” tamaşasını təqdim edəcək. Meydan tamaşası üslubunda hazırlanan səhnə əsərində xalqın adət-ənənələri şıltaqlıq, yumor və coşqu ilə nümayiş etdirilir.
Beləliklə, beş gün davam edəcək V Şəki Beynəlxalq Teatr Festivalı Azərbaycan, Qazaxıstan, İran və Özbəkistanın teatr kollektivlərini bir araya gətirərək müxtəlif janrlı teatr ənənələrinin və səhnə nümunələrinin nümayişinə geniş imkan yaradacaq.
***
Xatırladaq ki, Şəkidə beynəlxalq teatr festivalının əsası 2014-cü ildə qoyulub. İlk festivalda Azərbaycan, Qazaxıstan, Rusiya teatrları iştirak edib. 2016-cı ildə keçirilən II Şəki Beynəlxalq Teatr Festivalında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İran, Ukrayna, Gürcüstan, Rusiya və Azərbaycan, 2018-ci ildə təşkil olunan III festivalda Türkiyə, Meksika, İran, Gürcüstan, Rusiya və Azərbaycan təmsil olunub. Bir neçə il ara verilən (o cümlədən pandemiya səbəbindən) festival dördüncü dəfə 2024-cü ildə Qazaxıstan, Özbəkistan, Türkiyə və Azərbaycan teatrlarının iştirakı ilə gerçəkləşib.





















