Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında (Kürdəmir şəhəri) yazıçı-hüquqşünas Əlisəfa Azayevin 75 illik yubileyi münasibətilə tədbir keçirilib.

Bu barədə muzeydən məlumat verilib.

Regional filialın müdiri dosent Yaqut Bahadurqızı Azərbaycan ədəbiyyatında Əlisəfa Azayevin yaradıcılığından, hüquqşünas kimi fəaliyyətindən və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələrdən bəhs edib, onun əsərlərinin ideyası, personajları haqqında fikirlər söyləyib.

Digər çıxışlarda Əlisəfa Azayevin həyat yolu və yaradıcılığının əsas xüsusiyyətlərindən bəhs olunub və yazıçının əsərlərində mənəvi dəyərlərin, vətənpərvərlik duyğularının, humanist ideyaların geniş əks olunduğu qeyd edilib, onun Azərbaycan ədəbiyyatına və hüquq elminə verdiyi töhfələr yüksək qiymətləndirilib.

Yazıçının kitablarından ibarət sərgi, həyat və fəaliyyətini əks etdirən slayd və videolardan parçalar nümayiş etdirilib, bədii yaradıcılığından nümunələr səsləndirilib.

Əlisəfa Azayevə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə fəal əməkdaşlığına görə və 75 illik yubileyi münasibətilə fəxri fərman təqdim olunub.