“Global Media Group” və “Report” informasiya agentliyi 27 Sentyabr – Anım Günü ərəfəsində "Vətən daşı" sənədli filmini tamaşaçılara təqdim edib.
Zəfərlə başa çatan 44 günlük müharibə (2020-ci il) və Azərbaycanın Qarabağda suverenliyni tam bərqərar edən antiterror əməliyyatı (19-20 sentyabr 2023-cü il) zamanı şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsinə ithaf olunan film sentyabrın 23-də Nizami Kino Mərkəzində göstərilib.
Film Qarabağda antiterror tədbirləri zamanı şəhid olan Azərbaycanın ilk Komando hərbi hissəsinin qərargah rəisi polkovnik-leytenant Əkrəm Şadmanov və onun ailəsinin həyat hekayəsindən bəhs edir.
Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra məcburi köçkün taleyi ilə üz-üzə qalmış Şadmanovlar ailəsi məhrumiyyətlərə baxmayaraq, doğma yurdlarına qayıtmaq ümidlərini itirmir. Torpaqlarımızı düşməndən azad etmək amalı ilə ailədə iki peşəkar hərbçi böyüyür.
44 günlük Vətən müharibəsi, həmçinin antiterror əməliyyatı zamanı Şadmanov qardaşları qəhrəmancasına döyüşərək, torpaqlarımızın azad olunmasında fəal iştirak ediblər. Antiterror əməliyyatından sonra, 2023-cü il sentyabrın 24-də düşməndən azad edilmiş mövqelərə baş çəkməyə gedərkən qardaşlardan biri - polkovnik-leytenant Əkrəm Şadmanov mina partlayışı nəticəsində şəhid olub.
“Vətən daşı” filmində Əkrəm Şadmanov və ailəsinin həyat hekayəsi üzərindən Azərbaycan xalqının yazdığı qəhrəmanlıq salnaməsi ilə yanaşı, Vətən eşqi və Qələbə sevinci, doğma torpaqları qurub yaratmaq əzmi əksini tapıb.
Filmin ideya və ssenari müəllifi Namiq Mayılov, quruluşçu rejissoru Niyam Şirinov, quruluşçu operator və montaj rejissoru Səbuhi Sadiq, baş prodüseri Fuad Hüseynəliyevdir.
Filmin təqdimatından sonra çıxış edən “Report” informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev bildirib ki, “Vətən daşı” sənədli filmi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıq göstərən, bu yolda şəhid olan Azərbaycan hərbçilərinin xatirəsinə ehtiramın ifadəsidir. Ekran əsəri şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun həyat yolu vasitəsilə Vətənə sədaqət, fədakarlıq və qəhrəmanlıq kimi dəyərləri tamaşaçıya çatdırır.
Namiq Mayılov çıxışında ekran əsərinin ərsəyə gəlmə prosesindən danışıb. O deyib ki, film Kəlbəcərdə lentə alınıb və əsas məqsəd şəhid Əkrəm Şadmanovun ailəsinin timsalında Vətən uğrunda canından keçən qəhrəmanların həyat hekayəsini gələcək nəsillərə çatdırmaqdır.
Şəhid Əkrəm Şadmanovun atası Yunis Şadmanov oğlunun və bütün şəhidlərin əziz xatirəsinin daim yaşayacağını vurğulayıb. O, filmin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib və bu cür ekran əsərlərinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığını deyib.
























