Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən (18-30 sentyabr) Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı silsilə tədbirlərlə davam edir.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən ikinci ildir ki, festival çərçivəsində “Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunur.

Layihənin növbəti tədbiri sentyabrın 22-də ADA Universitetində keçirilib.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), ADA Universiteti və Beynəlxalq Muğam Mərkəzinin (BMM) dəstəyi ilə reallaşan tədbirdə ADA Universitetinin rektoru professor Hafiz Paşayev, təhsil ocağının müəllim və tələbələri, qonaqlar iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan ADA Universitetinin prorektoru Günay Ziyadova Üzeyir Hacıbəyli festivalı çərçivəsində dahi bəstəkarla bağlı layihənin bu təhsil ocağında reallaşmasından məmnunluğunu bildirib, təşkilatçılara təşəkkür edib.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bu il 18-cisi təşkil olunan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının müasir mədəniyyət salnaməmizin əhəmiyyətli hadisələrindən olduğunu bildirib.

MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov qeyd edib ki, “Sənət inciləri” layihəsi dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinin, onun sənət incilərinin daha geniş auditoriyaya, xüsusilə gənc nəslə çatdırılmasına töhfə vermək məqsədi daşıyır. Direktor yaradılan şəraitə görə ADA Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbir MEMİM-in əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə davam edib.

Sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabovanın Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlərindən bəhs edən mühazirəsi dinlənilib.

Tədbirin bədii hissəsində BMM-nin C.Cahangirov adına Xoru (bədii rəhbər: Prezident mükafatçısı Təranə Yusifova), ADA Universitetinin tələbələri, Ü.Hacıbəyli adına BMA-nın “Detaşe – SABAH” violinoçular ansamblı, ADMİU-nun müəllim və tələbələrinin ifasında Üzeyir Hacıbəyli yaradıcılığından musiqi və rəqs nümunələri təqdim olunub.

Proqramda Müslüm Maqomayevin “Nərgiz” operasından ariya və Emil Əfrasiyabın Ü.Hacıbəylinin əsərləri əsasında yazdığı “Parafraz” kompozisiyası da səsləndirilib.

İfa olunan bütün musiqi və rəqs nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Sənət inciləri” layihəsi üzrə daha bir mühazirə-konsert sentyabrın 28-də Xəzər Universitetində təşkil olunacaq.