Sentyabrın 22-də Milli Kitabxanada Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, bəstəkar-musiqişünas, fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru professor Kərim Tahirov görkəmli alimin zəngin elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən, Azərbaycan musiqişünaslığı və fəlsəfi fikir tarixinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Gülnaz Abdullazadənin çoxşaxəli elmi yaradıcılığının, fundamental tədqiqatlarının və uzun illər ərzində yetişdirdiyi tələbələrin Azərbaycan elmi və mədəniyyəti üçün xüsusi əhəmiyyəti vurğulanıb.
BMA-nın əməkdaşları, Gülnaz Abdullazadənin tələbələri və həmkarları – Zümrüd Məmmədova, Rauf Bəhmənli, İlahə Qismət, Arif Əsədullayev, Könül Nəsirova, Zeynal İsayev, İmina Əliyeva, Nərminə Ağası, Adilə Əfəndi, Nərgiz Hüseynova, Nuridə İsmayılzadə və Maya Qafarova yubilyara təbirk və ürək sözlərini çatdırıblar.
Çıxış edənlər Gülnaz Abdullazadənin çoxşaxəli elmi və yaradıcılıq fəaliyyətindən, musiqişünaslıq, fəlsəfə və estetik fikir sahəsində apardığı tədqiqatlardan söz açaraq, onun elmi əsərlərinin və monoqrafiyalarının Azərbaycan musiqi elminin inkişafında rolunu qeyd ediblər. Qeyd olunub ki, professor Gülnaz Abdullazadənin uzun illər ərzində apardığı elmi araşdırmalar, pedaqoji fəaliyyəti və yetişdirdiyi tələbələr onun Azərbaycan musiqi elminin və bütövlükdə musiqi mədəniyyətimizin inkişafına verdiyi əvəzsiz töhfələrdir.
Gülnaz Abdullazadə göstərilən diqqətə görə tədbirin təşkilatçı və iştirakçılarına, xoş sözlərə görə çıxışçılara təşəkkürünü bildirib.
Sonra tədbir iştirakçıları Gülnaz Abdullazadənin həyat və yaradıcılığına dair 100-dən artıq ədəbiyyat nümunəsinin nümayiş etdirildiyi sərgi ilə tanış olublar.























