Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Ramana qəsri muzeyinə infotur təşkil olunub.

Qoruqdan bildirilib ki, infoturda media nümayəndələri, turizm şirkətlərinin təmsilçiləri və turizm bələdçiləri iştirak ediblər.

İştirakçılara Ramana qəsrinin tarixi və memarlıq xüsusiyyətləri, muzeyin yeni konsepsiyası, ekspozisiya həlləri və ziyarətçilər üçün yaradılmış imkanlar barədə məlumat verilib.

İştirakçılar muzeyin ekspozisiyası ilə yaxından tanış olub, nümayiş etdirilən arxeoloji materiallar, rekonstruksiya nümunələri və müasir multimedia həlləri barədə məlumat əldə ediblər. Qəsrin dam terrasında yaradılmış panoramik müşahidə məkanı və ətraf ərazidə görülən işlər də diqqətə çatdırılıb.

İnfoturun əsas məqsədi Ramana qəsri muzeyinin turizm və mədəniyyət marşrutlarında tanıdılmasına, media və turizm sektorunun nümayəndələri arasında muzey haqqında məlumatlılığın artırılmasına, eləcə də yeni mədəniyyət məkanının daha geniş auditoriyaya çatdırılmasına töhfə verməkdir.

***

Azərbaycanın dünya əhəmiyyətli tarix-memarlıq abidələrindən biri olan Ramana qəsri yeni muzey konsepsiyası əsasında ziyarətçilərin istifadəsinə verilib. Layihə çərçivəsində qəsrin ərazisində Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən arxeoloji qazıntılar aparılıb. Tədqiqatlar zamanı eramızın V-XII əsrlərinə aid tikili qalıqları, eləcə də mindən çox arxeoloji material aşkar edilib. Tapıntıların bir qismi ekspozisiyada nümayiş etdirilir, digər hissəsi isə fondlaşdırılıb.

Bunu infotur zamanı jurnalistlərə açıqlamasında Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib.

“Ramana qəsrinin muzeyləşdirilməsində əsas məqsəd ziyarətçilərə Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini, eləcə də Şirvanşahlar dövrünün memarlıq xüsusiyyətlərini təqdim etməkdir. Ekspozisiyada orta əsrlərdə gündəlik həyat tərzini əks etdirən nümunələr, silah və döyüş vasitələri də nümayiş olunur. Qəsrdə həm qapalı, həm də açıq ekspozisiya sahələri yaradılıb”, – deyə Vüqar İsayev bildirib.

Qeyd olunub ki, qəsrin mərtəbələrində “Seyri-tarix”, “Seyri-silah” və “Seyri-həyat” mövzularına uyğun ekspozisiya zalları təşkil olunub. Ən yuxarı mərtəbədə – açıq terrasda isə simvolik məna daşıyan “Alov” heykəl-kompozisiyası nümayiş etdirilir: "Qala və qəsrlər müdafiə funksiyası ilə yanaşı, vaxtilə siqnal ötürmək məqsədilə də istifadə olunub. Təhlükə zamanı qalalar arasında müvafiq siqnallar vasitəsilə məlumat ötürülüb. Yeni muzey konsepsiyasında Ramana qəsrinin yaşayış, müdafiə və siqnalötürmə funksiyalarını ziyarətçilərə çatdırmağa çalışmışıq”.

Vüqar İsayev əlavə edib ki, gələcəkdə Ramana ərazisində yerləşən digər tarixi abidələrin də vahid turizm marşrutu çərçivəsində ziyarətçilərə təqdim olunması nəzərdə tutulur. Buraya qədim hamam, ovdan və məscidlər daxildir. Məqsəd ziyarətçiləri yalnız Ramana qəsri ilə deyil, bütövlükdə ərazinin tarixi, mədəniyyəti və keçmiş həyat tərzi ilə yaxından tanış etməkdir.