Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) İmişli rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə martın 12-də İmişli rayon Mədəniyyət Mərkəzində “Sənətə həsr olunmuş ömür” adlı xatirə tədbiri keçirilib.
Tədbir Mədəniyyət Mərkəzinin sabiq direktoru, 25 fevral 2026-cı il tarixində dünyasını dəyişmiş Sərvər Şirinovun doğum gününə həsr olunub.
Tədbirdə Mil-Muğan RMİ-nin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov, mədəniyyət müəssisələrinin rəhbərləri, mədəniyyət işçiləri, mərhum Sərvər Şirinovun ailə üzvləri, yaxınları iştirak ediblər.
Çıxış edənlər Sərvər Şirinovun həyat və yaradıcılıq yolundan, uzun illər mədəniyyət sahəsində göstərdiyi səmərəli fəaliyyətindən, rayonda mədəni-kütləvi tədbirlərin təşkilində və mədəniyyətin inkişafında göstərdiyi xidmətlərdən bəhs ediblər. Qeyd olunub ki, o, fəaliyyəti ilə mədəniyyət sahəsinə böyük töhfələr verib, həmkarlarının və rayon ictimaiyyətinin dərin hörmətini qazanıb.
Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin ifasında mərhuma həsr olunmuş şeirlər səsləndirilib, musiqi nömrələri təqdim olunub, Sərvər Şirinovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdən sonra iştirakçılar Sərvər Şirinovun məzarını ziyarət ediblər.























