Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının regional idarə üzrə şəhər-rayon komitələrinin dəstəyi ilə Ağdaşda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Qadın adlı möcüzə” musiqili tamaşa nümayiş olunub.
Tədbirdə Mərkəzi Aran RMİ-nin rəhbərliyi və mədəniyyət müəssisələrinin kollektivi iştirak edib.
Azərbaycan qadınının cəmiyyətimizdəki yüksək mövqeyi, ailə dəyərlərinin qorunmasında, mədəniyyətin inkişafında və gələcək nəsillərin tərbiyəsində oynadığı mühüm roldan bəhs edən videoçarx nümayiş olunub.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Namiq Tarverdiyev çıxış edərək, bayram münasibətilə qadınları təbrik edib, onlara xoş arzularını çatdırıb.
Azərbaycan kinosunun seçilmiş filmlərindən qısa fraqmentlərin nümayiş olunduğu musiqili tamaşada zəngin epizodlar vasitəsilə Azərbaycan qadınının müxtəlif obrazları – fədakar ana, qayğıkeş həyat yoldaşı, yaradıcı sənətkar və güclü şəxsiyyət kimi bədii şəkildə tamaşaçılara çatdırılıb.
Musiqi və rəqslərlə ahəngdar şəkildə təqdim olunan tamaşa alqışlarla qarşılanıb.
























