Payız semestrinin yekunlaşması və qış imtahan sessiyasının başa çatması ali təhsil müəssisələrinin cari fəaliyyətinin təhlili, əldə olunmuş nəticələrin elmi-pedaqoji baxımdan qiymətləndirilməsi, habelə gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm zəmin yaradır. Bu məqsədlə ölkəmizin xoreoqrafiya sahəsində aparıcı ali təhsil ocağı olan Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Azərbaycan Respublikasının Əməkdar artisti Nailə Məmməd-Zadə ilə həmsöhbət olduq.
– Nailə xanım, payız sessiyası başa çatdı. İmtahan nəticələrini ümumilikdə necə qiymətləndirirsiniz?
– Payız sessiyasının nəticələrini qənaətbəxş və müəyyən mənada ümidverici hesab edirəm. Bakı Xoreoqrafiya Akademiyası spesifik tədris modeli olan ali təhsil müəssisəsidir. Burada imtahanlar yalnız nəzəri biliklərin yoxlanılması ilə məhdudlaşmır, tələbənin peşəkar hazırlığı, texniki bacarıqları, səhnə mədəniyyəti, plastika və artistik ifadə imkanları da əsas qiymətləndirmə meyarlarıdır.
Bu sessiyada müşahidə etdiyimiz əsas məqam tələbələrin məsuliyyət hissinin artması və tədris prosesinə daha şüurlu yanaşmalarıdır. Müəllim heyətinin metodiki işinin gücləndirilməsi, fərdi yanaşmanın tətbiqi öz nəticəsini göstərir. Bununla yanaşı, müəyyən çətinliklər də mövcuddur ki, ancaq həmin məsələlər təhsil prosesinin təkmilləşdirilməsi, davamlı inkişafın və innovativ yanaşmaların təşviqi baxımından potensial imkanlar kimi dəyərləndirilir.
– Akademiyanın perspektiv inkişaf strategiyası haqqında nə deyə bilərsiniz?
– Bakı Xoreoqrafiya Akademiyasının perspektiv inkişaf strategiyası bir neçə əsas prioritet istiqamət üzrə formalaşdırılmışdır. Bu istiqamətlərə tədris proqramlarının beynəlxalq təhsil standartlarına uyğunlaşdırılması, müasir xoreoqrafiya istiqamətlərinin klassik xoreoqrafiya məktəbi ilə vəhdət təşkil edərək paralel şəkildə inkişaf etdirilməsi, elmi-tədqiqat fəaliyyətinin institusional əsasda gücləndirilməsi, habelə kadr potensialının sistemli və strateji əsaslarla təkmilləşdirilməsi daxildir.
Tədris prosesində qarşıya qoyulan əsas məqsəd yalnız yüksək peşəkar hazırlığa malik ifaçıların yetişdirilməsi ilə məhdudlaşmır, eyni zamanda analitik düşünmə bacarığı formalaşmış, milli və dünya mədəni irsini dərindən mənimsəyən, geniş dünyagörüşünə malik gənc mütəxəssislərin hazırlanması hədəflənir. Bununla bağlı qeyd olunan məqsədlərin reallaşdırılması uzunmüddətli perspektivdə ardıcıl və sistemli yanaşmanın tətbiqini zəruri edir.
– Akademiyada ənənənin davamlılığı necə qorunur?
– Xoreoqrafiya sənəti ənənə üzərində formalaşan bir sahədir. Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan balet və rəqs məktəbinin canlı yaddaşıdır. Burada formalaşmış pedaqoji məktəb, ustad-şagird münasibətləri bu gün də qorunur. Eyni zamanda biz ənənəni statik bir miras olaraq deyil, davamlı inkişaf edən, canlı bir proses kimi görürük. Klassik balet məktəbinin prinsipləri saxlanılmaqla, müasir xoreoqrafiyanın tələblərinə uyğun yeni yanaşmalar tətbiq olunur. Ənənə və yeniliyin harmoniyası bizim əsas konseptual xəttimizdir.
– Gənclər siyasəti BXA-nın fəaliyyətində hansı yeri tutur?
– Gənclər siyasəti bizim üçün strateji əhəmiyyət daşıyır. Akademiyanın tələbələri yalnız gələcəyin ifaçıları deyil, həm də gələcəyin pedaqoqları, xoreoqrafları, mədəniyyət xadimləridir. Gənclərin yaradıcılıq təşəbbüslərinin dəstəklənməsi, beynəlxalq layihələrdə iştirakı, ustad dərsləri, festivallar və müsabiqələrdə təmsil olunmaları əsas prioritetlərimizdəndir. Biz gənclərə öz potensiallarını reallaşdırmaq üçün şərait yaratmağa çalışırıq.
– Tədris ocağının binası və maddi-texniki bazası ilə bağlı vəziyyəti necə dəyərləndirirsiniz?
– Maddi-texniki baza istənilən tədris müəssisəsinin uğurunun əsas şərtlərindən biridir. Akademiyanın binası tarixi və funksional baxımdan özünəməxsusdur. Bununla belə, müasir tədris tələbləri baxımından müəyyən yenilənmələrə ehtiyac var. Müasir rəqs zalları, texniki avadanlıqlar, səhnə şəraiti daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə mərhələli şəkildə işlər aparılır və gələcəkdə daha optimal mühitin yaradılması planlaşdırılır.
– BXA-da tədris teatrı məsələsi uzun müddətdir müzakirə olunur. Sizin mövqeyiniz necədir?
– Tədris teatrı xoreoqrafiya təhsili üçün həyati əhəmiyyət daşıyır. Səhnə təcrübəsi olmadan peşəkar ifaçı yetişdirmək mümkün deyil. Bu, təkcə çıxış məkanı deyil, həm də pedaqoji laboratoriyadır. Biz bu məsələnin aktuallığını daim gündəmdə saxlayırıq. Tədris teatrının yaradılması tələbələrin peşəkar səviyyəsinin yüksəlməsinə, tamaşa mədəniyyətinin formalaşmasına və Akademiyanın ictimai nüfuzunun daha da güclənməsinə əhəmiyyətli töhfə verə bilər.
– Sonda Akademiyanın kollektivinə və tələbələrinə mesajınız nə olardı?
– Müəllimlərimizə tədris prosesində göstərdikləri fədakarlıq və yüksək peşəkarlığa görə təşəkkürümü bildirirəm. Tələbələrimizə isə onu qeyd etmək istərdim ki, seçdikləri peşə yolu böyük zəhmət və məsuliyyət tələb etsə də, eyni zamanda yüksək mənəvi dəyərə malik, şərəfli bir yoldur. Xoreoqrafiya sənəti təkcə peşə fəaliyyəti deyil, həm də xüsusi düşüncə tərzini və həyat fəlsəfəsini formalaşdıran bir sənət sahəsidir. Bu yolda bütün tələbələrimizə uğurlar arzulayıram!





















