Azərbaycan Bəstəkarlar İttifaqı milli musiqi sənətinin və musiqi elminin inkişafına mühüm töhfələr verir. Təşkilatın üzvləri xalqımızın musiqi mədəniyyətinə dəyərli yeni əsərlər bəxş edir, yeni kitablar ərsəyə gətirirlər. Bəstəkar və musiqişünaslar haqqında kitab və broşurlar, 44 günlük Qarabağ uğrunda müharibədə qazanılan Zəfərə həsr olunan bəstəkar əsərləri və onların konsert məkanlarında səslənməsi buna əyani misaldır.
Bu günlərdə Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda təqdimatı keçirilən yeni nəşr də xalqımızın tarixi Zəfəri ilə bağlıdır.
“Şanlı Zəfərə həsr olunan Azərbaycan bəstəkarlarının simfonik orkestr üçün əsərləri”nin II cildi (“Təhsil” nəşriyyatı, Bakı, 2025) işıq üzü görüb.
Tədbiri giriş sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq, 2021-ci ildə Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı konsertdə səslənən əsərlər və 3 cilddən ibarət not nəşrləri layihəsi haqqında məlumat verdi.
Firəngiz Əlizadə çıxışında Heydər Əliyev Sarayında keçirilən möhtəşəm konsertdə yaşlı nəsil nümayəndələrindən gənc bəstəkarlara qədər 18 müəllifin (Xalq artistləri Firəngiz Əlizadə, Azər Dadaşov, Sərdar Fərəcov, Vasif Allahverdiyev, Aygün Səmədzadə, Əməkdar incəsənət xadimləri Cəlal Abbasov, Ceyhun Allahverdiyev, Elnarə Dadaşova, Mobil Babayev, Əməkdar artist Vüqar Camalzadə, bəstəkarlar Azad Zahid, Məmməd Cəfərov, Lalə Cəfərova, Rəna Qədimova, Nərminə Nağıyeva, Tural Məmmədli, Fərid Fətullayev, Vüqar Məmmədzadə) əsərlərinin səsləndiyini xatırlatdı.
Həmin konsertdə müxtəlif janrları əhatə edən əsərlər maraqlı proqram rəngarəngliyi ilə seçilirdi. Qəhrəmanlıq, mərdlik, şücaət, lirik, kədərli, xoş əhval-ruhiyyəli, vətənpərvərlik ruhlu əsərlər bir-birini əvəz edirdi. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor Xalq artisti Fəxrəddin Kərimov), Dövlət Xor Kapellasının (bədii rəhbər Xalq artisti Gülbacı İmanova), eləcə də tanınmış ifaçıların ifasında səslənən əsərlər dinləyicilərə Zəfər ruhu, qəhrəmani hislər aşılayırdı.
Konsertin möhtəşəm şəkildə keçməsini və böyük marağa səbəb olmasını nəzərə alan Bəstəkarlar İttifaqı bu əsərlərin not və partituralarının nəşrinə qərar verir. Onu da qeyd etmək lazımdır ki, ilk dəfə ittifaq tərəfindən bəstəkarların xor və simfonik əsərlərin partiturası nəşr olunub. İşıq üzü görən hər iki cildə daxil olan əsərlərin müasir texnologiyalara əsasən yazılmasında ABİ-nın məsləhətçisi, musiqişünas Xanlar Novruzovun əməyini xüsusi qeyd etməliyik. Not nəşrinin I cildində 5 bəstəkarın xor və simfonik orkestr, II cilddə 5 bəstəkarın simfonik orkestr üçün əsərləri toplanıb. III cildə isə 8 bəstəkarın əsərlərinin daxil edilməsi nəzərdə tutulub.
I cild 2024-cü ildə nəşr olunub. “Şanlı Zəfərə həsr olunan Azərbaycan bəstəkarlarının xor və simfonik orkestr üçün əsərləri” adlı partituranın I cildinə Xalq artistləri Firəngiz Əlizadənin “Zəfər marşı” (söz: müəllif), Sərdar Fərəcovun “Azad Şuşa!” (söz: müəllif), Əməkdar incəsənət xadimi Cəlal Abasovun “Şanlı Azərbaycan” (söz: Məhəmmədhüseyn Şəhriyar), Məmməd Cəfərovun “Nər oğlum!” (söz: Nəsibə İsrafilqızı), Rəna Qədimovanın “Azərbaycanım” (söz: Yusif Nəğməkar) əsərləri yer alıb.
II cild 2025-ci ildə nəşr olunub. Bu cildə Xalq artisti Azər Dadaşovun “Zəfər çələngi. Uvertüra”, Əməkdar incəsənət xadimləri Mobil Babayevin “Şanlı Qələbə”, Ceyhun Allahverdiyevin “Qələbə uvertürası”, Əməkdar artist Vüqar Camalzadənin “Qarabağa gedən yol”, 44 günlük Vətən müharibəsinin qazisi, Gənclər üçün Prezident mükafatçısı Vüqar Məmmədzadənin “Dəmir yumruq” simfonik əsərləri daxildir.
Belə nəfis tərtibatda nəşr olunan əsərlər Azərbaycan musiqi mədəniyyətinə dəyərli töhfədir.
Tədbirdə ABİ-nın katibi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova, ABİ-nın katibi sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova və Əməkdar artist, bəstəkar Vüqar Camalzadənin çıxış etdilər.
Bədii hissədə Mobil Babayevin “Vətənim, ilk məhəbbətim” (söz: B.Vəziroğlu. İsmayıl Zeynalov – vokal, konsertmeyster: Elmir Hüseynov), Vüqar Camalzadənin ifasında “Gəlməmiş” romansı (söz: M.P.Vaqif. İfa: İlkin Dövlətov – vokal), Vüqar Məmmədzadənin piano, violin, violonçel üçün “Trio” əsəri (beynəlxalq müsabiqə laureatları Nərgiz Rəsulova – piano, Gülsün Cəfərova – violin, Əbdülfariz Məmmədzadə - violonçel) səsləndi.
Video formatda isə Azər Dadaşovun “Zəfər çələngi. Uvertüra”, Ceyhun Allahverdiyevin “Qələbə uvertürası”, Firəngiz Əlizadənin xor və simfonik orkestr üçün “Zəfər marşı” Xalq artisti, dirijor Fəxrəddin Kərimovun idarəsilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) ifasında təqdim olundu.
Şanlı Zəfər ruhlu, yüksək əhval-ruhiyyə ilə qarşılanan “Zəfər marşı”nın sədaları altında tədbir başa çatdı.
Fidan Nəsirova-Əhmədova
BMA-nın Elmi-tədqiqat laboratoriyasının əməkdaşı, musiqişünas



















