Tarixdəki olaylar

 

29 yanvar 1942 – SSRİ, Böyük Britaniya və İran arasında faşist Almaniyasına qarşı alyans barədə saziş imzalanıb. Sazişə əsasən, İran ərazisində – Cənubi Azərbaycanda SSRİ-nin hərbi kontingenti yerləşdirildi və müharibənin sonunadək (1945) sovet qoşunları orada qaldı.

 

29 yanvar 1991 – Türkiyə ilə Azərbaycan arasında ilk hökumətlərarası saziş imzalanıb. Nəqliyyat sahəsində sazişə əsasən, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Araz çayı üzərində (o vaxtkı Türkiyə-SSRİ sərhədində) körpü tikilməli idi. "Ümid körpüsü"nün açılışı 1992-ci il mayın 28-də keçirildi. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

29 yanvar 1860 – Rus yazıçı-dramaturqu Anton Pavloviç Çexov (1860 – 15.7.1904) anadan olub. “Qağayı”, “Albalı bağı”, “Vanya dayı”, "Üç bacı” pyeslərinin, povest və hekayələrin müəllifidir.

 

29 yanvar 1866 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1915) Romen Rollan (Romain Rolland; 1866 – 30.12.1944) anadan olub. Əsərləri: “Jan-Kristof” (10 kitabdan ibarət roman), “Canavarlar”, “İdrakın təntənəsi”, “Danton” pyesləri və s.

 

29 yanvar 1926 – Xalq artisti, sirk ustası, jonqlyor, illüzionist Xosrov Abdulla oğlu Abdullayev (1926 – 31.3.1980) Şamaxıda anadan olub. “Uşaqlığın son gecəsi”, “O qızı tapın” və s. filmlərdə çəkilib.

 

29 yanvar 1927 – Məşhur balerina, Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova (1927 – 20.2.1999) anadan olub. Opera və Balet Teatrının aparıcı balet artisti olub. 1953-cü ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib, tədris ocağına rəhbərlik edib.

 

29 yanvar 1938 – Xalq artisti, mahir qoboy ifaçısı Kamil Cəlil oğlu Cəlilov (1938 – 23.2.2022) Bakının Buzovna kəndində doğulub. Niyazi adına simfonik, S.Rüstəmov və Ə.Bakıxanov adına xalq çalğı alətləri, “Dan ulduzu” instrumental ansambllarının solisti olub.

 

29 yanvar 2011 – Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (18.2.1947 – 2011) vəfat edib. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi.

 

29 yanvar 2016 – Xalq artisti, bəstəkar Musa Abdulla oğlu Mirzəyev (26.1.1933 – 2016) vəfat edib. Simfoniya, simfonik orkestr üçün əsərlər, kantata, vokal silsilələri, mahnıların müəllifidir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.

 

Hazırladı: Vüqar Orxan