Tarixdəki olaylar

 

26 yanvar 1788 – Avstraliya Böyük Britaniya imperiyasının nəzarətinə keçib. İngilis admiral Artur Filippin başçılığı ilə ilk kolonistlər dəstəsi “yaşıl materikə” gəlib. Britaniyanın daxili işlər naziri Lord Sidneyin adı ilə yeni şəhərin əsası qoyulub. Avstraliya bu gün də formal olaraq Britaniya Krallığına tabedir və Britaniya Birliyinin üzvüdür. 26 yanvar isə ölkədə milli bayram – “Avstraliya günü” kimi qeyd edilir.

 

26 yanvar 1934 – Ümumittifaq Kommunist Partiyasının XVII qurultayında (“qaliblərin qurultayı”) Stalin tərəfindən antisovet qüvvələrə qarşı total repressiyanın konsepsiyası bəyan edilib. Bu, SSRİ-də kütləvi repressiyaların başlanmasına zəmin idi.  Konsepsiyanın ilk qurbanları elə ona səs verənlər oldular. 1937-ci ilədək XVII qurultayın 1966 iştirakçısından 1108-i güllələnmişdi.

 

26 yanvar 1950 – Britaniyanın müstəmləkəsi Hindistan müstəqilliyini elan edib. Hindistan iki əsrə yaxın ingilis müstəmləkəsi olub. Müstəqillikdən 15 il sonra hind dili ölkədə rəsmi dövlət dili elan olundu. Bununla belə, Hindistanda ingilis dili də ikinci dövlət dili statusundadır.

 

26 yanvar 1992 – Azərbaycan Milli Ordusunun Dağlıq Qarabağdakı ilk böyük əməliyyatı uğursuzluğa düçar olub. Müdafiə naziri Tacəddin Mehdiyevin rəhbərlik etdiyi batalyonun Şuşanın Daşaltı kəndində pusquya düşməsi nəticəsində 70-ə yaxın hərbçimiz həlak olmuşdu.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

26 yanvar 1863 – Maarifçi alim, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərli (1863-1920) Şuşada doğulub. Qori Müəllimlər Seminariyasında dərs deyib. Seminariyanın Azərbaycan bölməsinin Qazaxa köçürülməsindən sonra ona rəhbərlik edib. 1920-ci ilin mayında Gəncədə antisovet üsyanı zamanı güllələnib.

 

26 yanvar 1925 – Amerika aktyoru, rejissor Pol Nyuman (Paul Leonard Newman; 1925 – 26.1.2008) anadan olub.

 

26 yanvar 1931 – Əməkdar rəssam, tanınmış heykəltəraş Albert Zaman oğlu Mustafayev (1931 – 4.3.2022) Şəkidə doğulub. Bakıda “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Nizami Kino Mərkəzinin baş fasadındakı Nizami heykəlinin, vaxtilə Şuşada, Molla Pənah Vaqifin məqbərəsində qoyulmuş Vaqifin heykəlinin müəllifidir.

 

26 yanvar 1933 – Xalq artisti, bəstəkar Musa Abdulla oğlu Mirzəyev (1933 – 29.1.2016) Bakıda doğulub. Simfoniya, simfonik orkestr üçün əsərlər, kantata, vokal silsilələri, mahnıların müəllifidir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub. 

 

26 yanvar 1933 – Gürcü kinorejissoru, SSRİ Xalq artisti Eldar Nikolayeviç Şengelaya (1933 – 4.8.2025) anadan olub.

 

26 yanvar 1934 – Əməkdar rəssam Elçin Muxtar oğlu Aslanov (1934 – 3.3.2018) Bakıda doğulub. Kitab qrafikası ilə məşğul olub, Akademik Dram Teatrında tamaşalara səhnə tərtibatı verib, “Nəsimi” bədii filminin geyim üzrə rəssamı olub.

 

26 yanvar 2008 – Görkəmli xanəndə, Xalq artisti İslam Tapdıq oğlu Rzayev (11.11.1934 – 2008) vəfat edib. Muğam Teatrının yaradıcısı və 20 ilə yaxın bədii rəhbəri olub.

 

Hazırladı: Vüqar Orxan