Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gədəbəy rayonu üzrə mədəniyyət müəssisələrinin əməkdaşları yanvarın 20-də rayon mərkəzindəki Şəhidlər xiyabanını ziyarət ediblər. Vətənimizin azadlığı uğurunda canından keçmiş igidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Sonra rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgər adına Gədəbəy Aşıq Məktəbində “Unudulmayan tarix – 20 Yanvar” adlı tədbir keçirilib.
Çıxışçılar bildiriblər ki, 20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda göstərdiyi iradənin və qəhrəmanlığın simvoludur. Vətənimizin müstəqilliyi naminə canından keçən şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq. Onların fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.
Tədbirin bədii hissəsində şagirdlər tərəfindən 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndirilib, vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.
Sonda "Tarixin izi ilə – 20 Yanvar üfüqə açılan qapı" adlı sənədli film nümayiş etdirilib.























