Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı üçün 2025-ci il məhsuldar və yaddaqalan olub. İl ərzində Əməkdar artist Nicat Kazımovun quruluşunda “Şah Abbas namə”, Ayla Osmanovanın quruluş verdiyi “Düyməcik” və “Büllur başmaq”, Səbinə Məmmədzadənin quruluşunda “Solğun çiçəklər” tamaşalarının hazırlanması teatr tarixində əlamətdar iz qoyub.

Teatrın mətbuat katibi Samirə Əşrəfin sözlərinə görə, 2026-cı ildə də repertuar yeni, maraqlı əsərlərlə zənginləşəcək.

Hazırda repertuar planına uyğun olaraq “Neft bumu hamıya gülümsəyir” (Maqsud İbrahimbəyov) tamaşasının məşqləri gedir. Tamaşaya əslən Bakıdan olan rusiyalı rejissor, son illər yaradıcılıq həyatını doğma şəhərdə davam etdirən Konstantin Soldatov quruluş verir. Xalq yazıçısı Maqsud İbrahimbəyovun bu əsəri 2003-cü ildə Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşaya qoyulub. Pyesdə hadisələr XX əsrin əvvələrində cərəyan etsə də, əsər taleyin universal mövzularını XXI əsrdə də aktuallığını qoruyan suallar kimi ortaya çıxarır.

Gənc Tamaşaçılar Teatrında bu il rus yazıçı-dramaturqu Nikolay Qoqolun “Evlənmə” əsəri də səhnəyə çıxacaq. Tamaşanın məşqlərinə yaxın günlərdə başlanılacaq. Bundan əlavə, neft milyonçusu Murtuza Muxtarovun həyatından bəhs edən “Muxtarov” adlı pyesin sifarişi verilib.

2025-ci ildə yaradıcı kollektivin bir sıra uğurlu qastrol səfərlərində olduğunu deyən Samirə Əşrəf teatrın beynəlxalq əlaqələrindən də söhbət açıb. Ötən il Əməkdar artist Şövqi Hüseynov Qazaxıstanın Kostanay şəhərində keçirilən “Monofest” beynəlxalq monotamaşalar festivalında və Rusiya Federasiyası Udmurtiya  Respublikasının İjevsk şəhərində təşkil olunan “Tuk-Fest” III beynəlxalq teatr festivalında P. Züskindin “Kontrabas” monotamaşası ilə uğurla çıxış edib. Aktyor həmçinin İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində keçirilən “Arsbaran” beynəlxalq teatr festivalında və Almaniyanın Hannover şəhərində təşkil olunan XIV “Körpü” kiçik formalı tamaşaların beynəlxalq teatr festivalında N.Qoqolun “Dəlinin qeydləri” monotamaşası ilə teatrı təmsil edib.

Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin dəvəti ilə teatrın əməkdaşları, Əməkdar artistlər Nicat Kazımov və İlham Əsədov Qırğızıstanın Xalq artisti, bəstəkar Jumamudun Şeraliyevin 110 illiyinə həsr olunmuş “Jumamudun Şeraliyev XXI əsrdə” adlı beynəlxalq yubiley festivalında fəxri qonaq və festival iştirakçısı qismində iştirak ediblər.

Bundan əlavə, Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə bağlanmış memoranduma əsasən, teatr Özbəkistanda “Müharibə" ("Mən gəldim, qızlar...”) tamaşasını (Lars Nuren; quruluşçu rejissor Bəhram Osmanov) təqdim edib. Özbəkistan teatrı isə Bakıda Korney Çukovskinin “Muxa-Tsokotuxa” ("Milçək-vizilçək") tamaşasını göstərib.