Azərbaycan İstiqlal Muzeyində görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş “İstiqlalın zərif imzası: Fətəli xan Xoyski” adlı tədbir-sərgi keçirilib.

Sərgi çərçivəsində Azərbaycan İstiqlal Muzeyinin fondlarından, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədin və filologiya üzrə fəlsəfə doktoru Ədalət Tahirzadənin şəxsi arxivindən, eləcə də Dövlət Arxivinin fondundan gətirilmiş 27 nadir fotoşəkil nümayiş olunub.

Bu materiallar Xoyskinin siyasi irsini, dövlət quruculuğu fəaliyyətini və Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tarixi reallıqlarını daha dərindən öyrənmək üçün mühüm mənbə rolunu oynayır.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədova, millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhməd, İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və başqa çıxış edənlər Xoyskinin həyat və fəaliyyətindən, dövlətçilik tariximizdəki irsindən söz açıblar.

Fətəli xan Xoyskinin irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşımaqla yanaşı, Azərbaycan dövlətçilik tarixinin vacib məqamlarını da gündəmə gətirən sərgi dekabrın 12-dək davam edəcək.