İngiltərəli İvon Qrey və həyat yoldaşı Maykl Qreyin Cənubi Kipr (Yunan Administrasiyası) tətili gözlənilməz şəkildə bədbəxtliklə başa çatıb.
Türkiyə mediasında yayılan xəbərə görə, 76 yaşlı Maykl Qrey ayağının qıcolması səbəbilə Paralimni şəhərindəki xəstəxanaya aparılıb. Lakin 10 dəqiqə sonra həyat yoldaşı 73 yaşlı İvon Qreyə ərinin qəfil ölümü barədə məlumat verilib.
Mayklın cənazəsi vətəninə aparıldığı zaman səlahiyyətli şəxslər ölüm haqqında şəhadətnamədə səbəb göstərilmədiyini aşkar ediblər. Məhkəmə-tibb ekspertizası tərəfindən meyit müayinə edilən zaman mərhumun ürəyinin olmadığı ortaya çıxıb. Bəlli olub ki, qocaman turistin ürəyi Cənubi Kiprdəki xəstəxanada oğurlanıb.
Mayklın qızı Heylin "Biz çox qəzəbliyik və cavablara ehtiyacımız var", – deyə məsələnin dərindən araşdırılmasını tələb edir.



















