Tarixdəki olaylar
2 dekabr 1510 – Səfəvi qoşunları ilə Xorasanda hakim olan Şeybanilər (özbək) ordusu arasında Mərv döyüşü olub. Səfəvi qoşunları qalib gəlib və Xorasan vilayəti Səfəvi imperatorluğunun tərkibinə qatılıb. Bu qalibiyyətdən sonra Şah İsmayıl indiki İranın bütün ərazisini öz hakimiyyəti altına alıb.
2 dekabr 1920 – Mustafa Kamalın rəhbərliyi altındakı Türkiyə qoşunları məğlubiyyətə uğratdığı daşnak Ermənistan Respublikasını Gümrü (Aleksandropol) şəhərində təslimçi sülh imzalamağa məcbur edib. Sazişlə erməni tərəf Sevr müqaviləsindən (10 avqust 1920-ci ildə Antanta dövlətləri ilə Osmanlı arasında bağlanan müqavilədə Qarsın Ermənistana verilməsi barədə bənd vardı) əl çəkir, üstəlik, Gümrünü Türkiyəyə verməyə razılaşırdı. Lakin daşnaklar Gümrü saziş imzalayanda İrəvanda sovet hakimiyyəti (29 noyabr) qurulmuşdu. Sovet Ermənistanı Rusiyanın dəstəyini alaraq Gümrü sazişini rədd etdi. Bununla belə, 1921-ci ildə Qars müqaviləsi ilə Türkiyəyə ərazi iddiasından vaz keçməli oldu.
2 dekabr 1953 – Fransanın müstəmləkəsi Laos müstəqilliyini elan edib. 1893-cü ildə Fransanın müstəmləkəsinə çevrilən Laos İkinci Dünya müharibəsində Yaponiyanın işğalı altına düşmüş, 1946-cı ildə Fransanın nəzarətinə keçmişdi.
2 dekabr 1971 – Ərəbistan yarımadasının şimal-şərqində yerləşən altı ərəb əmirliyinin vahid dövləti – Birləşmiş Ərəb Əmirlikləri yaradılıb. BƏƏ federativ dövlət quruluşuna malikdir, Abu-Dabi (ölkənin paytaxtı), Dubay və Şərca daha çox inkişaf etmiş əmirliklərdir.
2 dekabr 2008 – Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” adlı konfransı başlanıb. Azərbaycan tərəfdən konfransa İslam ölkələri də dəvət olunub. İlk dəfə Avropa və müsəlman ölkələrinin mədəniyyət nazirləri bir araya gəliblər. Konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”nin əsası qoyulub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
2 dekabr 1888 – Türk yazıçısı, şair Namiq Kamal (21.12.1840 – 1888) vəfat edib. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah” və s.
2 dekabr 1891 – Alman boyakarı və qrafiki Otto Diks (1891 – 25.7.1969) anadan olub.
2 dekabr 1923 – Yunan əsilli Amerika opera müğənnisi (soprano) Mariya Kallas (Maria Callas – Sophia Cecelia Kalos; 1923 – 16.9.1977) anadan olub.
2 dekabr 1929 – Şair, ədəbiyyatşünas, pedaqoq Həsənəli xan Qaradaği (1848–1929) vəfat edib. Şuşada doğulub. Qori Müəllimlər Seminariyasının müəllimi Aleksey Çernyayevski ilə birgə Azərbaycan dilində “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
2 dekabr 1938 – Şair, publisist, Əməkdar jurnalist Zeynal Vəfa (Zeynalabdin İsmayıl oğlu Zeynalov; 1938 – 14.3.2024) Naxçıvan şəhərində anadan olub.
2 dekabr 1966 – Əməkdar artist Atamoğlan Balababa oğlu Rzayev (1912–1966) vəfat edib. Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərdə (“Kəndlilər”, “Koroğlu”) çəkilib.
2 dekabr 2002 – Əməkdar artist, vokalçı Rəhilə Muxtar qızı Cabbarova (24.11.1922 – 2002) vəfat edib. Opera və Balet Teatrının solisti olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
Hazırladı: Vüqar Orxan






















