"Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialında (Qazax rayonunun Daş Salahlı kəndi) “Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində “Dalğalan zirvələrdə, uca bayrağım” adlı yürüş təşkil olunub.
Tədbirin məqsədi gənc nəsildə konstitusion dəyərlərə hörmətin, milli suverenlik ideyalarının və tariximizə bağlılığın daha da möhkəmləndirilməsi olub.
Yürüşdə Bakı Dövlət Universitetinin Qazax filialının tələbə və müəllim heyəti iştirak edib. İştirakçılara Damcılı ərazisində yerləşən tarixi və arxeoloji abidələr barədə ətraflı məlumat verilib, mədəni irsimizlə bağlı faktlar diqqətə çatdırılıb. Abidələrlə bağlı videoçarx nümayiş etdirilib, “Damcılı mağarası” və ətrafında aparılmış elmi-arxeoloji tədqiqatları əhatə edən nəşrlər təqdim olunub.
Yürüş iştirakçıları yaponiyalı və azərbaycanlı mütəxəssislərin müxtəlif illərdə həyata keçirdikləri qazıntılar zamanı aşkar edilmiş tapıntılardan ibarət sərgi ilə də tanış olublar. Sərgidə təqdim olunan eksponatlar Qazax bölgəsinin qədim yaşayış izlərini, maddi-mədəniyyət nümunələrinin zənginliyini və regionun elmi baxımdan əhəmiyyətini nümayiş etdirib.
Tədbir çərçivəsində gənclərə milli dövlətçiliyimizin hüquqi əsasları – Konstitusiyanın mahiyyəti, suverenliyin qorunmasının tarixi və müasir çağırışlar barədə fikirlər çatdırılıb, dövlət rəmzlərinə ehtiramın önəmi vurğulanıb.
























