Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev, universitetin müəllim və tələbə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı rayonundakı “DOST Evi” filialını ziyarət ediblər.
Universitetdən verilən məlumata görə, ziyarətin əsas məqsədi inklüziv yaradıcılıq mühitinin fəaliyyəti, benefisiarların məşğulluq və sənətkarlıq istiqamətində inkişaf prosesləri, eləcə də onların sosial inteqrasiyası ilə yerində tanış olmaq, həmçinin mərkəzdə həyata keçirilən sosial proqramlar barədə ətraflı məlumat əldə etmək olub.
Ziyarət zamanı misgərlik və zərgərlik, xalçaçılıq, bədii tikmə və toxuma, bədii oyma, dərzilik üzrə fəaliyyət göstərən emalatxanalarda yaradılmış şərait və iş prosesi ilə yaxından tanışlıq olub, benefisiarlarla səmimi ünsiyyət qurulub.
BSU-nun rektoru Anar Nağıyev qeyd edib ki, inklüziv yaradıcılıq mərkəzlərinin mövcudluğu Azərbaycan dövlətinin hər bir vətəndaşa göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bildirib ki, DOST layihəsi Cənubi Qafqaz məkanında analoqu olmayan sosial modeldir və ölkəmizdə vətəndaş rifahının yüksəldilməsinə xidmət edən mühüm bir platforma kimi böyük əhəmiyyət daşıyır.
Rektor vurğulayıb ki, sağlamlıq imkanları məhdud uşaqların və həssas qrupa aid şəxslərin sosial inteqrasiyasını təmin edən belə mərkəzlərin fəaliyyəti inklüziv siyasətin daha geniş miqyasda həyata keçirilməsində xüsusi rol oynayır. Bu məkan onların cəmiyyətə inteqrasiyasını, yaradıcılıq potensialının üzə çıxarılmasını və sosial fəallığının artırılmasını dəstəkləyən mühüm bir modeldir.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialının direktor müavini Faiq Xudanlı mərkəzin yaranma tarixi, həyata keçirdiyi xidmət və layihələr barədə ətraflı məlumat verib.
Vətənə xidməti borcuna yerinə yetirərkən döyüş postunda yaralanan, 1-ci dərəcəli hərbi xidmət əlili, hazırda “DOST Evi”nin bədii yaradıcılıq və sənətkarlıq şöbəsinin dərzilik istiqaməti üzrə təlimçisi kimi fəaliyyət göstərən Vüsal Hümbətov da iştirakçılarla görüşüb. O, yaralanmasından sonra yaradıcılıq sahəsinə marağının artdığını, hazırda isə bu mərkəzdə çalışaraq öz bacarıqlarını benefisiarlarla bölüşdüyünü qeyd edib.























