Tarixdəki olaylar
1 dekabr 1918 – Rumıniya torpaqları birləşib. Rumıniya 1878-ci ildə Osmanlı imperiyasından müstəqilliyini elan etsə də, rumın torpaqları birləşməmişdi. I Dünya müharibəsinin yekunlarına əsasən, Transilvaniya, Valaxiya, Bessarabiya, Bukovina birləşdi. 1940-cı ildə SSRİ Bessarabiya və Şimali Bukovinanı Rumıniyadan qopardı (hazırda bu yerlər Moldova və Ukrayna ərazisidir). Bununla belə, dekabrın 1-i Rumıniyada milli bayram – “Birləşmə Günü” kimi qeyd olunur.
1 dekabr 1920 – Azərbaycanda bolşevik hökumətinin – Müvəqqəti İnqilab Komitəsinin rəhbəri Nəriman Nərimanov Ermənistan kommunistlərinə məktub göndərərək Zəngəzurun (Qərbi Zəngəzur – red.) Ermənistana verilməsinə razılığını bildirib. Bundan iki gün öncə, noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmuşdu və Azərbaycan bolşevikləri sovetlərin ümumi qələbəsi naminə bu addımı atmışdılar. Bundan bir qədər öncə (10 avqust 1920) Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək barədə qərar qəbul etmiş, Zəngəzur isə “mübahisəli ərazi” elan olunmuşdu. Beləcə, Azərbaycan torpaqlarını qoparmaq hesabına Ermənistan SSR (ərazisi 29 min kv km) yarandı.
1 dekabr 1989 – Zəngəzurun ermənilərə verilməsinin 69-cu ildönümündə Ermənistan SSR-in Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edib. SSRİ Konstitusiyasını, eləcə də beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan bu addımla Ermənistan Azərbaycana qarşı ərazi iddiasını rəsmən elan etmiş oldu.
1 dekabr 2015 – UNESCO Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında (Vindhuk, Namibiya) Azərbaycan tərəfindən təqdim olunan “Lahıc misgərlik sənəti” nominasiyası Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
1 dekabr 2020 – Laçın rayonu erməni işğalından azad edilib. 2020-ci ilin 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq, işğalçı Ermənistanın imzaladığı kapitulyasiya aktına əsasən, dekabrın 1-də erməni hərbi birləşmələri Laçın rayonunun ərazisindən çıxmağa məcbur olub. Bununla belə, Laçın şəhərinə, eləcə də, Zabux və Sus kəndlərinə bölgədə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları nəzarət edirdi. 2022-ci ilin avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini də nəzarətə götürüb. Həmin il sentyabrın 21-də Prezident, Ali Baş Komandan İlham Əliyev Laçın şəhərində Azərbaycanın bayrağını ucaldıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
1 dekabr 1940 – Teatr xadimi, dramaturq, aktyor, Əməkdar artist Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882–1940) vəfat edib. Kiçik pyes, vodevil və musiqili komediyalar yazıb. “Bakılılar” (1938), “Kəndlilər” (1939) filmlərində çəkilib.
1 dekabr 1940 – Yazıçı-publisist, tərcüməçi Rafiq Savalan (Rafiq İmanqulu oğlu Ağayev; 1940 – 29.10.2023) Bakıda anadan olub. Azərbaycan Televiziyası və Radiosunda işləyib. Rus ədəbiyyatından tərcümələr edib.
1 dekabr 1940 – Amerikalı komediya aktyoru, ssenarist Riçard Prayor (Richard Pryor; 1940 – 10.12.2005) anadan olub.
1 dekabr 2004 – Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 14.10.1933 – 2004) vəfat edib. Kitabları: “Qayalara yazılan səs”, “Yolayrıcında söhbət” və s. Rus dilindən ədəbi tərcümələr edib. Azərbaycanın “İstiqlal” ordeninə layiq görülmüş (1995) ilk şairlərdən biridir.
Hazırladı: Vüqar Orxan






















