Noyabrın 25-də Kəlbəcərdə ilk dəfə qeyd olunan "Şəhər Günü" konsert proqramı ilə başa çatıb.
Mədəniyyət Nazirliyinin və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən konsertdən öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Kəlbəcərə həsr olunmuş videoçarx nümayiş olunub.
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev bütün iştirakçıları təbrik edərək deyib: “Bu gün ilk dəfə təntənəli şəkildə Kəlbəcər Şəhəri Gününün qeyd olunması mühüm hadisədir və rayonun yeni mərhələyə qədəm qoyduğunu göstərir. Kəlbəcərdə mədəniyyətin, turizmin, təhsilin və ictimai həyatın dirçəlişini izləmək hər birimiz üçün qürurverici mənzərədir”.
Qeyd olunub ki, işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. Böyük Qayıdış prosesinin növbəti əlamətdar hadisəsi kimi Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşüb, onlara yeni mənzillərin açarlarını təqdim ediblər.
Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb ki, rayonda aparılan quruculuq işləri dağlar diyarının gözəl gələcəyindən, azad olunmuş ərazilərə Böyük Qayıdışın uğurlu perspektivindən xəbər verir.
Sonra Kəlbəcər Şəhəri Günü münasibətilə konsert proqramı təqdim olunub.
Qala konsertdə Vətən sevgisi, Kəlbəcərin bənzərsiz gözəllikləri, Qələbə əzmli musiqi nömrələri, aşıq havaları, rəqslər alqışlarla qarşılanıb.
Eyni zamanda Kəlbəcər dağlarında tarixi Zəfərimizi simvolizə edən tonqal qalanıb. Sonda şəhər mərkəzində atəşfəşanlıq olub.

























