Tarixdəki olaylar
23 noyabr 1919 – Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrinin sahmanlanması ilə bağlı müvəqqəti saziş imzalanıb. ABŞ diplomatlarının vasitəçiliyi ilə Tiflisdə imzalanan sənədə görə, tərəflər arasında mübahisəli məsələlər Ermənistan-Azərbaycan konfransında (dekabr 1919) həllini tapmalı idi. 1918-ci ilin 28 mayında Azərbaycan Milli Şurası İrəvan və Eçmiədzin qəzalarını Ermənistan Respublikasına güzəştə gedəndən sonra ermənilər Zəngəzur, Qarabağ və Naxçıvana da ərazi iddiası irəli sürməyə başlamışdılar. Cümhuriyyətin Baş naziri Nəsib bəy Yusifbəyli 1919-cu ilin oktyabrında Ermənistanın Bakıdakı diplomatik nümayəndəsi Q.Bekzadyanla görüşdə bu bölgələrlə bağlı heç bir güzəştin olmayacağını bəyan etmişdi.
23 noyabr 1994 – Azərbaycanla Nikaraqua arasında diplomatik münasibətlər qurulub.
23 noyabr 2003 – Gürcüstanda parlament seçkiləri (2 noyabr) ilə bağlı etiraz aksiyaları Prezident Eduard Şevardnadzeni istefa verməyə məcbur edib. Mixail Saakaşvili və silahdaşları “məxməri inqilab”la hakimiyyətə gəliblər. Seçkilərin nəticələri ləğv olunub. 2004-cü ilin yanvarında növbədənkənar prezident seçkilərində Saakaşvili, mart ayında yeni parlament seçkilərində isə onun tərəfdarları qalib gəliblər.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
23 noyabr 1875 – Rus yazıçısı, sənətşünas, publisist Anatoli Vasilyeviç Lunaçarski (1875 – 26.12.1933) anadan olub.
23 noyabr 1933 – Polyak bəstəkarı və dirijoru Kşiştof Pendereski (Krzysztof Penderecki; 1933 – 29.3.2020) anadan olub.
23 noyabr 1923 – Yazıçı, şair Əmrah Bala oğlu Əmrahov (1923–1988) Bakının Kürdəxanı kəndində anadan olub. Kitabları: “Ürək vətən üçün döyünəndə”, “Ulduzlar gecə parlar”, “Dağ bənövşəsi” və s.
23 noyabr 1927 – Tarixçi, şərqşünas, professor Əhməd Əhməd oğlu İsgəndərov (1927 – 13.10.2017) Bakının Mərdəkan kəndində doğulub. Moskvada yaşayıb, SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini, “Tarix məsələləri” jurnalının baş redaktoru işləyib. Rusiyanın Əməkdar elm xadimi, Rusiya EA-nın müxbir üzvü olub.
23 noyabr 1936 – Ədəbiyyatşünas, yazıçı-dramaturq, professor Aqşin Əlisəttar oğlu Babayev (1936 – 10.6.2020) Bakıda anadan olub. Türk ədəbiyyatına dair tədqiqatların, “Ayrılıq”, “Dünyanın axırı” və s. kitabların, tərcümələrin müəllifidir.
23 noyabr 1937 – Əməkdar artist Zemfira Nəriman qızı Quliyeva (1937 – 3.11.1997) Gəncə şəhərində anadan olub. 1963-cü ildən Musiqili Komediya Teatrında çalışıb.
23 noyabr 1948 – Dahi bəstəkar, publisist, pedaqoq, SSRİ Xalq artisti Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 – 1948) vəfat edib. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın, ilk musiqili komediyanın müəllifidir. Azərbaycan EA-nın akademiki olub.
23 noyabr 1999 – Xalq artisti, görkəmli teatr və kino aktrisası Leyla Ağalar qızı Bədirbəyli (8.1.1920 – 1999) vəfat edib. Dövlət mükafatı laureatı olub.
Hazırladı: Vüqar Orxan






















