F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları oktyabrın 22-də Bakı şəhəri 164 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri ilə birgə Üzeyir Hacıbəylinin Ev-Muzeyinə ekskursiya ediblər.

Ekskursiyanın məqsədi şagirdləri Azərbaycan musiqi mədəniyyətinin banilərindən olan Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə yaxından tanış etmək, onların milli musiqiyə marağını artırmaq olub.

Muzeyin əməkdaşı uşaqlara dahi bəstəkarın boya-başa çatdığı mühit, musiqi təhsili, yaradıcılıq fəaliyyəti və Azərbaycan musiqisinin inkişafındakı mühüm xidmətləri barədə ətraflı məlumat verib.

Şagirdlər Üzeyir bəyin şəxsi əşyaları, not dəftərləri, fotoları və onun yazı masası ilə tanış olublar.

Ekskursiya zamanı kitabxana əməkdaşı tərəfindən bəstəkarın "Arşın mal alan", "O olmasın, bu olsun" kimi ölməz əsərləri haqqında məlumatlar da uşaqların diqqətinə çatdırılıb.

Sonda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları belə tədbirlərin şagirdlərdə milli-mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynadığını qeyd ediblər. Bu kimi maarifləndirici ekskursiyaların davam etdiriləcəyi bildirilib.