Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda otuzillik mücadiləsinin həlledici mərhələsi – 44 günlük Haqq savaşının başlandığı 27 Sentyabrın növbəti ildönümü tamam olur.

Milli təqvimimizdə əbədi anlam qazanan bu tarix təkcə 2020-ci ilin Vətən müharibəsində deyil – ondan öncə və sonra – işğal altındakı Vətən torpaqlarının azad edilməsi uğrunda həlak olmuş cəmi şəhidlərimizin Anım Günüdür.

2020-ci ilin 27 sentyabrı səbrin sonu idi.

Ali Baş Komandan yağı düşməni yurd yerlərimizdən vurub çıxarmaq əmri vermişdi: “Hesab edirdilər ki, bizim torpaqlarımızda əbədi oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedim, irəli!...”.

2020-ci ilin 27 sentyabrı böyük Zəfərin başlanğıcı idi. Həmin gün ölümü gözə alıb düşmən üzərinə yeriyən igidlər tariximizə şan-şərəf salnaməsi yazdılar.

Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günü xalqa müraciətində Qarabağ məsələsinin milli məsələ, bu məsələnin həllinin isə tarixi vəzifə olduğunu bəyan etdi.

Bu savaş mütləq qalibiyyətlə bitməli idi: “Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun...”.

Necə demişdi, elə də oldu.

“Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq” – bu isə Müzəffər Ali Baş Komandanın xalqa müraciətidir. 27 Sentyabrın birinci ildönümündə... 

Azərbaycan xalqı adlarını tariximizə əbədi həkk etmiş qəhrəman övladlarının xatirəsini qəlbində yaşadır. Şəhidlərin xatirəsi ölkəmizin hər yerində əbədiləşdirilir, paytaxtdan bölgələrədək monumental abidələr, 44 Günün şərəfinə zəfər tağları ucaldılır. 

Şəhidlərimizin xatirəsinə bir abidə də Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığındadı...

Bura 2020-ci ilin 27 sentyabrında Vətən uğrunda ölümsüzlüyə gedənlərin ilk şəhadət yerlərindən biridi.

“Haradan başlanır Vətən” deyə sual edəndə bu daş parçası da əzəmətli sükutu ilə cavab verəcək...

O şəhadət abidəsinin yanından keçən yolla azad və abadlaşan torpaqlarımıza onların əzəli sakinləri qayıdır. Böyük Qayıdış... 

İllər keçəçək, düşmənin viran qoyduğu yurd yerlərimizin hamısı abad olacaq.

O torpaqları canı-qanı bahasına bizə qaytaranlara şükranlıq borcumuz isə əbədi qalacaq...

 

Vüqar Orxan