Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Bölgələrdə kino günləri” layihəsinin növbəti mərhələsi 22-24 may tarixlərində Mingəçevir şəhərində keçirilib.
AKİ-nin yaydığı məlumata görə, film nümayişləri şəhərdəki Heydər Əliyev Mərkəzində, Üzeyir Hacıbəyli adına 11 illik Musiqi məktəbində, Mingəçevir Dövlət Dram Teatrında və şəhər Xalq yaradıcılıq klubunda təşkil edilib.
Sakinlərə Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, Aydın Arslanın “Aktyor”, Əli-Səttar Quliyevin “Olimpia” tammetrajlı bədii filmləri, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Ruslan Ağazadənin “Balaca”, Orxan Ağazadənin “Oturacaqlar”, Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii və Pərviz Həsənovun “Uşaqlıq fotosu” sənədli filmləri təqdim olunub.
Ənənəyə uyğun olaraq nümayişlərdən sonra filmlər tamaşaçılar tərəfindən müzakirə edilib, “Uşaqlıq fotosu” filminin rejissoru Pərviz Həsənov, “Aktyor” filmində baş rolun ifaçısı Səmimi Fərhad tamaşaçıların suallarını cavablandırıblar.