M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyinatı olub.

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva orkestrin direktoru vəzifəsinə təyin edilib.

Leyla Quliyeva 2002-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (musiqişünaslıq ixtisası) bakalavr və 2004-cü ildə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.

2004-cü ildən bu təyinatadək Azərbaycan Milli Konservatoriyasında (AMK) çalışıb, İfaçılıq və Musiqi sənəti fakültələrinin dekanı olub. 2008-ci ildə “Cahangir Cahangirov yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. 2022-ci ildən Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının professorudur.

Qeyd edək ki, Azərbaycan Dövlət Kamera Orkestrində ümumi rəhbərliyi icra edən direktorla yanaşı, yaradıcı fəaliyyət üzrə bədii rəhbər və baş dirijor vəzifəsi də var.

Orkestr 1964-cü ildə yaradılıb. Ötən illərdə tanınmış musiqi xadimləri Nazim Rzayev, Ramiz Məlikaslanov, Yaşar İmanov, Teymur Göyçayev orkestrin bədii rəhbəri və baş dirijoru olublar. 2018-ci ildən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur.

***

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı da olub.

Bu vəzifəyə xormeyster, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə təyin edilib.

Leyla Muradzadə Bakı Musiqi Akademiyasının xor dirijorluğu ixtisası üzrə bakalavr və magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib. 2023-cü ildə “Azərbaycan a capella xor musiqisində muğamın təcəssümü (1990-cı illərə qədər)” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.

Bu təyinatadək Azərbaycan Dövlət Uşaq Filarmoniyasında çalışıb. 2012–2017-ci illərdə Azərbaycan Dövlət Xor Kapellasının artisti olub. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin metodisti, uşaq və gənclərdən ibarət xor musiqi albomunun müəllifidir.

Xatırladaq ki, bir müddət əvvəl (aprel) Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor da təyin olunub. Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə bu vəzifəyə pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə təyin edilib.