Mayın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış qrafika ustası, pedaqoq, Əməkdar incəsənət xadimi Elmas Hüseynovun (1937-2013) anadan olmasının 88-ci ildönümünə həsr edilmiş mühazirə keçirilib.

“Əməkdar incəsənət xadimi Elmas Hüseynovun yaradıcılığı” adlı mühazirə muzeyin Mədəniyyət və təhsil şöbəsinin əməkdaşı, sənətşünas Günel Zaur tərəfindən aparılıb.

Mühazirədə rəssamın əsərlərinə xas bədii ideya yükü, onun sənətə verdiyi töhfələr və qrafika sahəsindəki yerindən bəhs edilib. Elmas Hüseynovun monumental divar boyakarlığı sahəsindəki fəaliyyəti, ənənə və müasirlik üzərində ərsəyə gətirdiyi mozaikalardan söz açılıb.

Tədbirdə çıxış edən Xalq rəssamı Arif Hüseynov Elmas Hüseynovun qrafik əsərlərinin, xüsusilə çoxsaylı kitablara işlədiyi illüstrasiyaların özünəməxsus xüsusiyyətlərindən danışıb, sənət dostu ilə bağlı xatirələrini bölüşüb.

Sənətkarın ailə üzvlərinin də qatıldığı mühazirə maraqla qarşılanıb.

Qeyd edək ki, Elmas Hüseynov Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Belarus Dövlət İncəsənət Universitetində təhsil alıb. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.