Azərbaycanın müasir memarlıq inciləri ilk dəfə Venesiyada Beynəlxalq Arxitektura Biennalesində nümayiş etdirilir.

Mayın 10-da başlanan və noyabrın 23-dək davam edəcək XIX Beynəlxalq Arxitektura Biennalesində ölkəmiz Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə “Tarazlıq. Azərbaycanın motivləri” (“Equilibrium. Patterns of Azerbaijan”) adlı pavilyonla təmsil olunur.

Budəfəki Arxitektura Biennalesi “İntellekt. Təbii. Süni. Kollektiv” (“Intelligens. Natural. Artificial. Collective”) mövzusunu əhatə edərək iqlim dəyişikliklərinə diqqəti artırmaq məqsədi daşıyır. Eyni zamanda, memarlığın təbii, süni və kollektiv zəka vasitəsilə dəyişən dünyaya uyğunlaşmasını araşdırmağa çağırır.

Azərbaycan sərgidə “Yenidənqurma. İnnovasiya. Qorunma” başlığı altında üç memarlıq nümunəsini – Bakı Ağ Şəhər, Zəfər parkı və Zəngilan məscidi layihələrini təqdim edir.

Bakı Ağ Şəhər layihəsi qabaqcıl və müasir şəhərsalma layihələrindən biri olaraq müasir texnologiya və kollektiv səylərlə sənaye keçmişindən dayanıqlı və yenidən qurulmuş yaşıl gələcəyə keçidi təcəssüm etdirir.

8 Noyabr Qələbəsinin (2020) rəmzi olan, əzəmətli görünüşə sahib Zəfər parkı isə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsini əbədiləşdirir və milli rifah üçün həmrəy olan xalqımızın əzmini nümayiş etdirir.

Qarabağ memarlıq üslubunda inşa edilən Zəngilan məscidi isə öz növbəsində, təbiətlə memarlığın, bu günlə gələcəyin sintezini simvolizə edir.

Pavilyonda XII əsrdə yaşayıb yaradan Naxçıvan memarlıq məktəbinin banisi, dünyaşöhrətli memar Əcəmi Naxçıvani haqqında da məlumatlar təqdim olunur.

XIX Arxitektura Biennalesi çərçivəsində memarlıqla bağlı müxtəlif konfranslar, seminarlar, görüşlər də keçiriləcək.