Bu il II Dünya müharibəsində faşizm üzərində Qələbənin (9 may 1945-ci il) 80 illik yubileyidir.
Mayın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə birgə bu tarixi hadisəyə həsr olunmuş konsert keçirilib.
Muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü söyləyib.
BMA-nın tələbələri II Dünya müharibəsi zamanı Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaət haqqında söz açıblar.
Konsert proqramında BMA-nın professoru, Xalq artisti Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın solisti Yuliya Heydərova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ruslan Persanov, Dövlət Xor Kapellasının solistləri – beynəlxalq müsabiqələr laureatları Kamilla İmanova, Elyar Əliyev, Fərhad Ələkbərov, Tofiq Zeynalov, konsertmeysterlər Alyona İnyakina, Dilarə Kərimova, Nərmin Günəşli, BMA-nın məzunu Nərgiz Məmmədova, tələbələr Ayşə Məmmədova və Nigar Novruzova, Cavid Babayev çıxış ediblər.
Onların ifalarında Azərbaycan və sovet bəstəkarlarının hərbi-vətənpərvərlik mövzusunda əsərləri, eləcə də rəqs nömrələri təqdim olunub.
İfalar Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyaları əsasında hazırlanmış “Azərbaycan musiqiçiləri 1941-1945-ci illər müharibəsində” adlı slayd-şou ilə müşayiət olunub.
Konsertin bədii rəhbəri BMA-nın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakinadır.