Müasir İncəsənət Muzeyində Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi açılıb. Ekspozisiyada rəssamın son illərdə astrologiya və digər mövzularda yaratdığı 40-dək tablo təqdim edilir.

Sərgi Nərmin Sadıqovanın yaradıcılığında yeni səhifədir. Təqdim olunan tablolarda toxunulan mövzularla yanaşı, yeni istiqamətin olduğu görünür. Sərgi astrologiya ilə bədii yaradıcılıq arasında dərin bağları tədqiq etməyə çalışan incəsənət həvəskarlarına unikal təcrübə təklif edir.

Nərmin Sadıqova özünün bədii yanaşma tərzi ilə kətan üzərində 12 bürcün işarələrinin unikal cəhətlərini – onların mifoloji mənasını, planetlərin təsirini və simvolikanı təsvir edib.

Rəssam bu silsilə əsərlərdə seçilmiş kompozisiya quruluşundan, rəng palitrasından və digər ifadə vasitələrindən istifadə etməklə hər bir bürcün fərdi xüsusiyyətlərini əyani şəkildə canlandırır, onların bədii obrazını yaradır. Bu əsərlərin astroloji biliklərlə dəstəklənən kompozisiyaları insana kosmosla daha dərin bağları hiss etməyə imkan verir. Çünki hər bir element bütün sistemin simvolik təcəssümünü və onun qarşılıqlı əlaqələrini təmsil edir.

Nərmin Sadıqovanın yaradıcılıq üslubu müasir estetik cərəyanları əks etdirir, orijinallığı və eksperimental xarakteri ilə ənənəvi formalardan fərqlənir. Onun əsərləri təkcə bədii-estetik dəyərlə deyil, həm də dərin fəlsəfi məzmunla zəngin olduğundan rəssam öz layihələrində həmişə özünəməxsus üslubu ilə diqqəti cəlb edir. Rəssamın portret, landşaft, natürmort və digər istiqamətlərdə yaratdığı tablolar tamaşaçılara ətraf aləmə yeni baxış bucağı təqdim edir, düşüncə və emosional qavrayışa təkan verir.

Nərmin Sadıqova uzun illərdir yaradıcılıqla məşğuldur və Azərbaycanın müasir incəsənət mühitinin tanınmış simalarından biridir. O, müntəzəm olaraq müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edir.

2012-ci ildə onun ilk fərdi xeyriyyə sərgisi “Four Seasons Hotel”də baş tutub. O, 2013-cü ildə “Bakının işıqları” rəsm müsabiqəsinin qalibi olub. 2014-cü ildə “Qalereya 1969” rəssamın “Səs” adlı fərdi sərgisini keçirib. 2016-cı ildə rəssam Milli İncəsənət Muzeyində keçirilən sərgidə iştirak edib. 2017-ci ildə “Qalereya 1969” onun “Momentous” adlı ikinci fərdi sərgisini təşkil edib.

Onu da bildirək ki, Nərmin Sadıqova digər azərbaycanlı sənətçilərlə birlikdə ölkəmizi İtaliya, ABŞ, Latviya, BƏƏ və Türkiyədə təmsil edib. O, 2019-cu ildə Luvr Muzeyində (Paris) “Carrousel” sərgisinə qatılıb. Elə həmin il Müasir İncəsənət Muzeyində onun “Meraki” adlı fərdi sərgisi keçirilib.

Bundan əlavə, Nərmin Sadıqova Heydər Əliyev Fondu və YARAT Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi müxtəlif layihələrdə fəal iştirak edir.

Rəssamın sayca beşinci fərdi sərgisi aprelin 11-dək ziyarət üçün açıq olacaq.