Müasir Azərbaycan təsviri sənətinin inkişafında gənc rəssamların da özünəməxsus rolu var. Yeni nəsil sənətkarlar, rəssamlar, incəsənət nümayəndələri ənənəvi üslubları fərqli yanaşmalarla birləşdirərək insanlara təqdim edirlər. Beynəlxalq sərgi və festivallarda, müxtəlif virtual platformalarda fəal iştirak edən gənc rəssamlar Azərbaycan incəsənətinin çağdaş istiqamətlərini geniş auditoriyaya çatdırırlar.

Ölkəmizdə gənc rəssamların öz potensiallarını üzə çıxarmaları üçün münbit şərait mövcuddur. Paytaxtda və regionlarda müxtəlif sərgilər, müsabiqələr keçirilir.

Bu gün rəssamlıq sahəsində həvəslə çalışaraq öz uğurlu yolunu tapan, qətiyyətli addımlarla daim irəli gedən gənc rəssamlarımızdan biri də Fuad Musayevdir.

Fuad Nazir oğlu Musayev 2001-ci ilin 9 mart tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Fuadın hələ kiçik yaşlarından rənglərə olan maraq və sevgisi valideynlərinə bəlli idi. Onlar Fuadın 6 yaşı olarkən evin divarlarında təsvir etdiyi əlvan rənglərlə bəzənmiş günəş rəsmini görəndə artıq anlamışdılar ki, Fuadı məhz bu sahəyə yönləndirmək, rəssamlıqla daha yaxından tanış etmək lazımdır. Elə həmin vaxtdan o, rəsm dərnəyinə yazılaraq rəssamlıq dərsləri almağa başlayır. İlk sənət müəllimi isə Mətanət Aslanova olur.

Fuadın bu yolda uğurlu addımlarla irəliləməsinin əsas səbəblərindən biri də onun özünəinamını artıran, dəstək olan ailəsi, xüsusilə də anasıdır. Öz əzmi və bacarığı sayəsində bir rəssam kimi yetişən Fuad daim yaradıcılıq axtarışındadır və öyrənməyi, yenilikləri kəşf etməyi sevir.

Fuad 2016-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Kollecinin Dekorativ-tətbiqi sənət fakültəsinə daxil olur. 2020-ci ildə kolleci bitirib Azərbaycan Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət fakültəsində təhsilini davam etdirir. İstedadlı gənc burada Xalq rəssamları Arif Hüseynov, Siruz Mirzəzadə, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov, Ədhəm Yusubov, Dekorativ-tətbiqi sənət fakültəsinin baş müəllimi Emin Ələkbərovdan sənətin sirlərini öyrənir.

2024-cü ildə Rəssamlıq Akademiyasında təhsilini uğurla tamamladıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin (DİİYM) istedadlı benefisiarı kimi fəaliyyət göstərib, mərkəzin dəstək, sosial inkişaf proqramlarından yararlanan uğurlu gənclərdən birinə çevrilib.

Fuad Musayev 2024-cü ildən DİİYM-in İsmayıllı rayonunda yerləşən “DOST Evi” filialında təlimçi kimi fəaliyyət göstərir. O, 2025-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunub.

Gənc rəssamın yaradıcılığına nəzər salanda görürük ki, o, təsviri sənətin bir sıra sahələrində uğurlu nümunələr ərsəyə gətirir: keramika, xalça, qobelen və s. Rəssam bu sahələrin hər birində istedadını nümayiş etdirməyi bacarır. Böyük məharətlə xalça eskizləri edir, qobelenlər hazırlayır, keramik qablara müxtəlif təsvirlər çəkərək tamaşaçıların zövqünü oxşayır. Bu sırada “Səhra gözəlləri”, “Bağımın narları”, “Qayıqlar”, “Sahil küləyi”, “Qız qülləsi”,“Düşüncələr” kimi kətan üzərində yağlı boya texnikası ilə təsvir etdiyi rəngkarlıq əsərləri, “Azad Şuşam”, “Novruz qızı”, “Bənövşəli vaza” və “Xalça naxışları” adlı keramik əsərlərini qeyd edə bilərik. O, əl işlərində milli ornament və detallardan məharətlə istifadə edir, tamaşaçıları sənət haqqında düşüncələr haləsinə bürüyür.

Bir sıra sərgilərdə uğurla iştirak edən, diplom, sertifikat və mükafatlar qazanan Fuad Musayev fiziki məhdudiyyətli insanlara da dəstək olur. Əsərlərinin satışından əldə etdiyi gəliri həssas qrupdan olan uşaqlara ianə edib.

Rəssamın məqsədi tutduğu bu yolda özünü daim təkmilləşdirmək, daha böyük uğurlara imza atmaq, sənətinin seçilənlərindən olmaqdır.

 

Ziyarət Cabarova-Qəhrəmanova

Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, sənətşünas