Professor Zemfira İshakova filologiya elmləri doktoru, filologiya, beynəlxalq ünsiyyət və siyasi ritorika sahəsində mütəxəssisdir. Hazırda Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq siyasət və xarici regionşünaslıq kafedrasının professoru vəzifəsində çalışır.

O, AZƏRTAC-a müsahibəsində dilin beynəlxalq münasibətlərə təsirindən, qloballaşma şəraitində dillərin gələcəyindən və tarixi vətənlə şəxsi bağlılığından bəhs edib.

– Sizi filologiya üzrə təhsil almağa nə vadar etdi? Niyə məhz ingilis və fransız dilləri?

– Mənim uşaqlıq arzum var idi, hətta məktəbdə oxuyanda da diplomat olmaq istəyirdim. Görünür, sovet Azərbaycanında hökm sürən multikulturalizm ruhu məndən yan keçə bilmədi. Orta məktəbdə ədəbiyyat, ingilis, Azərbaycan və rus dilləri müəllimləri, çoxlu sayda kitabları olan ev kitabxanası dünyagörüşümə təsir etdi. Evdə hər zövqə, hər əhvali-ruhiyyəyə uyğun kitab tapmaq olardı: klassik rus və xarici ədəbiyyat, sovet ədəbiyyatı, Azərbaycan şair və yazıçılarının əsərləri. “Tom Soyerin sərgüzəştləri”, “Martin İden”, “Şerlok Holmsun sərgüzəştləri” və bir çox başqa xarici əsərlər mənim uşaq beynimdə uzaq ingilisdilli və fransızdilli dünyaya xüsusi maraq oyatdı.

– Dil nəzəriyyəsi sahəsində doktorluq dissertasiyası müdafiə etmisiniz. Hansı kəşflər və ya nəticələr sizin üçün ən əhəmiyyətli idi?

– Dil hər hansı işarələr sisteminə münasibətdə onun universal nümunəsidir. Bu gün istənilən proqramlaşdırma dili təbii dilin qurulduğu eyni prinsiplər üzərində təşəkkül tapır. İstənilən mədəniyyət və etnik qrupun nümayəndələrinin duyğularını ifadə etmə tərzini universal adlandırmaq olar. Əlbəttə, inkar edilə bilməyən unikal xüsusiyyətlər var, lakin əksər mədəniyyətlərin, xüsusən də eyni sivilizasiyaya mənsub olduqları halda, emosional dilin istifadəsi ilə bağlı ortaq cəhətləri çoxdur. Bu o deməkdir ki, mədəniyyətlər arasında dialoq həmişə mümkündür!

– Dil mədəniyyətlərarası qarşılıqlı əlaqəyə və beynəlxalq siyasətə necə təsir edir?

– Hesab edirəm ki, dil beynəlxalq əməkdaşlığın əsas alətidir. Bir neçə xarici dil bilmək insana başqa bir mədəni məkana asanlıqla daxil olmağa, özünü yadların arasında tapmağa imkan verir, çünki dil, mədəniyyət və düşüncə ayrılmazdır. Böyük dilçi, diplomat, alman maarifçisi Vilhelm fon Humboldt bu haqda yazırdı: “Dil xalqın ruhudur, xalqın ruhu isə onun dilidir”. Müxtəlif səviyyələrdə aparılan danışıqlar zamanı rus, ingilis və türk dillərində mükəmməl danışan Azərbaycan Prezidenti İlham Əliyevə həmişə heyran olmuşam. Hesab edirəm ki, bu, ölkə rəhbərinin parlaq siyasi fəaliyyətinin mühüm amillərindən biridir ki, onun sayəsində Azərbaycan Cənubi Qafqazın ən qabaqcıl dövlətinə çevrilib, dünyada layiqli yer tutur.

– İngilis dili çoxdan beynəlxalq diplomatiya dilinə çevrilib. Digər dillərin (məsələn, Çin, ispan) gələcəkdə dominant olmaq şansı varmı?

– Hesab edirəm ki, ingilis dili həmişə beynəlxalq diplomatiyanın mühüm dili olaraq qalacaq, tarixən də belə olub. Bununla belə, bugünkü dünya getdikcə çoxqütblü olur və məncə, rus, Çin, ispan kimi beynəlxalq dillərin statusu getdikcə artacaq. Biz bu tendensiyanı Rusiya Federasiyasında görürük. Çin dili burada ibtidai sinifdə fəal şəkildə öyrənilir. Prezident Akademiyasında Çindən çoxlu tələbə rus dilində təhsil alır.

– İndiki akademik mühitdə qadın alim olmaq necədir?

– Elmi araşdırmalarım gender aspekti, qadın və kişi dünyagörüşü, feminizm işığında emosiyaların ifadə xüsusiyyətləri və sairə ilə bağlıdır. Gender tematikası həmişə aktual mövzudur. Dünya dəyişir, lakin qadınlıq, kişilik və gender rolları üzrə məsələlər bizi narahat etməkdə davam edir. Son zamanlar yüksək sosial statusu olan qadınların, məsələn, siyasətçilərin obrazına həsr olunmuş bir çox elmi araşdırmalar ortaya çıxıb. İndiki akademik mühitdə qadın alim olmağın son dərəcə çətin olduğunu deyə bilmərəm. Ancaq yenə də belə bir hiss var ki, qadın alimlərə qarşı tələblər həmişə yüksəkdir. Göründüyü üzrə, bayaq dediyim kimi, feminist hərəkatların nailiyyətlərinə baxmayaraq, gender stereotipləri bizi tərk etmir.

– Prezident Akademiyasında işləyirsiniz. Müasir tələbələrin hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz? Gələcək dilçi və politoloqlar üçün hansı keyfiyyətlər vacibdir?

– Prezident Akademiyası ən müasir tədris proqramlarını geniş çeşiddə təqdim etməsi ilə seçilir. Akademiyada xarici dillərin tədrisinə böyük diqqət yetirilir. Bu həm linqvistik, həm də siyasi elm istiqamətlərinə aiddir. İndiki dövrdə bu, çox vacibdir. Akademiyanın məzunları bir neçə dil və mədəniyyətə dair bilikləri sayəsində həmişə yüksək mədəniyyətlərarası səriştələrə malikdirlər ki, bu da onlara beynəlxalq şirkətlərdə uğurla işləməyə imkan verir.

Sizcə, süni intellekt və texnologiyanın təsiri ilə dil dəyişəcəkmi? Ola bilərmi ki, gələcəkdə bütün millətləri birləşdirəcək universal bir dil olsun?

– Süni intellektin canlı, təbii dilə təsir edəcəyini düşünmürəm. Üstəlik, ümumi süni intellektin yaradılması, eləcə də bütün xalqlar üçün universal dil yaradılması mümkün deyil. Leybnits və Dekart universal bir dil yaratmaq ideyasından ilhamlandılar. Orta əsrlərdə Fransanın Port-Royal monastırında hazırlanmış Port-Royal qrammatikası ilkin olaraq Avropa üçün vahid dil yaratmaq məqsədi daşıyırdı. Amma Avropa dilləri arasında universal xüsusiyyətlərin aşkar edilməsinə baxmayaraq, vahid dilin yaradılmasına heç vaxt nail olunmayıb. Bu, bir daha sübut edir ki, canlı dil bütün emosional və mədəni müxtəlifliyi ilə müəyyən bir mədəniyyətə xidmət edə bilər. İnsan idrakı üçün mühüm əhəmiyyət kəsb edən emosional zəkanın bütün mədəni şəkildə şərtləndirilmiş təzahürlərini əks etdirən universal dilin mümkünsüzlüyünü bir daha vurğulamaq istərdim. Burada mən böyük psixoloq Lev Semyonoviç Vıqotskinin təfəkkürlə mədəniyyətin sıx əlaqəsi haqqında konsepsiyasını yada salardım.

– Azərbaycanda doğulmusunuz, amma elmi fəaliyyətiniz Rusiya ilə bağlıdır. İndi öz ölkənizlə bağlılığınızı necə hiss edirsiniz? Azərbaycanda tez-tez olursunuz?

– Azərbaycana tez-tez gəlirəm və bu, mənim üçün həmişə böyük bayramdır. Qeyd edim ki, mən heç vaxt vətənimlə əlaqəni kəsməmişəm. Səməd Vurğunun Vətən haqqında təsirli şeirləri bütün ömrüm boyu məni müşayiət edib. Elmi fəaliyyətimdən danışarkən deyim ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi sayəsində mütəmadi olaraq elmi konfranslara dəvət alıram. Nizami Gəncəvi və Nəsimi poeziyası ilə bağlı mövzular, bu kontekstdə Şərqin poetik mətnində emosional komponent, məsələn, obrazlı ifadələr və dərin fəlsəfi mənalar elmi vizyonumu genişləndirməyə imkan verdi.

–Sizcə, azərbaycanlıları ünsiyyət və dil baxımından fərqləndirən nədir? Azərbaycan nitqində onu digər türk dillərindən fərqləndirən özünəməxsus xüsusiyyətlər varmı?

– Əgər azərbaycanlıların ünsiyyət xüsusiyyətlərini, onların milli xarakterini Avropa mədəniyyətinin nümayəndələri ilə müqayisə etsək, emosionallığı, nitqdə obrazlılığı, açıq vətənpərvərlik hissini və öz Vətəni ilə duyduğu qürur hissini qeyd edərdim. Azərbaycanlı məqsədyönlüdür, iddialıdır, ailə qayğısına qalır, gözəl olan hər şeyə - musiqiyə, şeirə, gözəlliyə və moda sənayesinə maraq göstərir və məhəbbət bəsləyir. Çətin ki, Azərbaycanın paytaxtını ziyarət edən və piyadalar üçün nəzərdə tutulmuş Nizami küçəsi ilə gəzən hər kəs qəşəng, “son dəbdə” geyinmiş gözəl qız və gənc oğlanları görməsin. Odlar Yurdunun paytaxtının ürəyi olan Bakı şəhərindəki İçərişəhərə nəzər saldıqda, interyerində milli xalçalarla örtülmüş kafe və restoranlarda hökm sürən ab-havaya, “Sarı gəlin” kimi milli musiqinin sədalarına biganə qalmamaq çətin deyil.

Qorxuram ki, Azərbaycan dili ilə digər türk dilləri arasındakı fərqlərdən danışanda bir az qərəzli olam. Amma mənim üçün Azərbaycan dili çox musiqilidir. Obrazlı təfəkkür, eləcə də Azərbaycan dilinin özünün səslənməsi bu torpaqda çoxlu sayda musiqi, rəssamlıq, teatr istedadının yaranmasına səbəb olub.

Ən əsası, mən öz vətənimin sakinlərinin multikulturalizmini qeyd etmək istərdim. Mədəniyyətlər arasında dialoq ruhunda tərbiyə olunan insanlar hər zaman bütün dünyaya açıqdır.

– Azərbaycanda mühazirə oxumaq və ya elmi konfrans keçirmək təklifi gəlsəydi, sizin üçün daha çox hansı mövzu maraqlı olardı?

– Belə bir mövzu təklif edərdim: “Müasir çoxqütblü dünyada multikulturalizm və milli özünəməxsusluğun qorunması. Dil siyasəti və mədəniyyət problemləri”.

Fəridə Abdullayeva (AZƏRTAC, Moskva)