Fevralın 24-dən 27-dək İranın Tehran şəhərində təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Regional Planlama Şurasının 35-ci iclası çərçivəsində Turizm Komitəsinin toplantısı Azərbaycanın sədrliyi ilə keçirilib.

Tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyi (DTA) Aparatının rəhbərinin müavini - Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

İclasda İƏT-in cari il üçün nəzərdə tutulan iş planı müzakirə edilib və keçiriləcək tədbirlər siyahısı təsdiq edilib.

DTA-dan bildirilib ki, iclasda təşkilatın “Dayanıqlı turizmin inkişafı üçün regional tədbirlər planı”na dair fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qədim İpək Yolu abidələrinin və mədəni irsinin qorunması istiqamətində müvafiq tədbirlərin təşkili, üzv dövlətlərin turizm potensialının təşkilat çərçivəsində təbliğatı üzrə müzakirələr aparılıb.

Təşkilat daxilində yaradılmış turizm sahəsi üzrə Məsləhətləşmə Komitəsinə üzv ölkələrdən müvafiq namizədlərin təqdim edilməsi razılaşdırılıb.

İƏT-in İpək Yolu İşçi Qrupunun 1-ci iclasına Azərbaycanın ev sahibliyi etməsi təsdiqlənərək, yekun təqvimə daxil edilib.