Kitabxanalarda əsrin faciəsinin ildönümü ilə bağlı silsilə materiallar hazırlanıb  

 

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar ölkəmizin mədəniyyət ocaqlarında müxtəlif səpkili anım tədbirləri təşkil olunub.

Fevralın 26-da Milli Kitabxanada “Xocalı – XX əsrin soyqırımı” adlı ənənəvi kitab sərgisi açılıb.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən fəlakətli, ən dəhşətli səhifələrindən biridir. Ermənilərin törətdiyi Xocalı soyqırımı bir tərəfdən hərbi cinayətdirsə, digər tərəfdən dinc əhaliyə qarşı törədilmiş kütləvi terror aktıdır. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.

Qeyd olunub ki, Milli Kitabxana hər il soyqırımının ildönümü ərəfəsində müxtəlif tədbirlər, kitab sərgiləri, elektron məlumat bazası və virtual sərgilər, eləcə də kitab təqdimatları keçirir.

Dövlətimizin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və tanıdılması istiqamətində apardığı geniş miqyaslı işləri xüsusi qeyd edən direktor müavini Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş elektron məlumat bazası haqqında məlumat verib.

Qeyd edilib ki, “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı elektron məlumat bazası “Rəsmi sənədlər”, “Xocalı rayonu”, “Xocalının Milli qəhrəmanları”, “Soyqırımı haqqında”, “Xocalı şəhidləri”, “Şahidlərin söylədikləri”, “Ermənilərdən etiraflar”, “Ermənilər tərəfindən dağıdılmış abidələr”, “Xocalıya ədalət!” kampaniyası”, “Xocalı soyqırımının tanınması”, “Xocalı soyqırımı mədəniyyətdə”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Xocali-soyqirimi/index.html linkindən istifadə edə bilərlər.

“Xocalı – XX əsrin soyqırımı” adlı ənənəvi kitab sərgisində isə Xocalı soyqırımı, erməni qəsbkarlığının qanlı fəsadlarından bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

 ***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında da Xocalı soyqırımının ildönümünə həsr edilən silsilə materiallar – biblioqrafik icmal, tanıtım çarxları, virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.

Biblioqrafik icmalda ölkəmizdə Xocalı soyqırımına dair imzalanan rəsmi sənədlərin tam mətni, “Xocalı indi kədərin yox, Zəfərin rəmzidir!” başlığı altında özündə faciənin tarixi, Azərbaycan xalqının yaddaşında buraxdığı silinməz izlər və sağalmaz yaralar, erməni terrorizminin ən dəhşətli siması, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlər, 44 günlük İkinci Qarabağ müharibəsi, birgünlük lokal antiterror tədbirləri nəticəsində əldə edilən tarixi ədalət – şanlı Qələbə, Xocalı şəhərində aparılan bərpa-quruculuq işləri haqqında məlumat verilir. Biblioqrafik icmalda “Əsir Xocalı”, “Onlar heç vaxt böyüməyəcək”, “Tarixi saxtalaşdırmaq cinayətdir”, “Xocalı qətliamı: erməni qəsbkarlığının qanlı fəsadları”, “Ölümdən o yandakı Xocalı” kimi Azərbaycan, türk, ingilis, rus və digər dillərdə nəşr edilən 50-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat nümunələri sərgilənir.

Kitabxananın rəsmi saytında yerləşdirilən “Tarixin unudulmayan Xocalı izi” (https://ryl.az/multimedia/tarixin-unudulmayan-xocali-izi) adlı virtual sərgidə Xocalı soyqırımı hadisələrinin xronologiyası, acı nəticələri haqqında məlumatlarla yanaşı, Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Xocalı soyqırımı mövzusunda olan tarixi çıxışlarının videogörüntüləri təqdim edilir, son illərdə Xocalı faciəsi mövzusunda qələmə alınan “Solmayan nərgiz”, “Xocalı şikəstəsi”, “Koramal”, “Ümidlərin izi ilə”, “Mələklərin soyqırımı” kimi bədii əsərlərin qısa annotasiyası haqda məlumat verilir.

Bundan əlavə, Respublika Gənclər Kitabxanasının sosial şəbəkə səhifələrində “Xocalı soyqırımı bədii ədəbiyyatda” başlığı altında faciəyə həsr olunan ədəbiyyat nümunələrinin tanıtım çarxları paylaşılır. Kitabxana əməkdaşları tərəfindən Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyevin müəllifi olduğu Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin erməni qəsbkarları tərəfindən törədilən Xocalı soyqırımı nəticəsində yarımçıq qalan sevgi hekayəsi və qəhrəmanlıq dolu həyatından bəhs edən “Qırmızı ləçəklər” kitabının tanıtım çarxı hazırlanaraq istifadəçilərə təqdim edilib. Kitabxana tərəfindən “Xocalı soyqırımı bədii ədəbiyyatda” başlığı altında daha bir neçə kitabın tanıtım çarxının hazırlanması nəzərdə tutulur.

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar hazırlanan biblioqrafik icmal kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib.