Görkəmli şair-dramaturq, ədəbiyyatşünas, ictimai xadim, Xalq şairi Bəxtiyar Vahabzadənin (1925-2009) anadan olmasının 100 illiyi münasibətilə doğulduğu Şəki şəhərində silsilə tədbirlər davam edir. Fevralın 24-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzi, 2 nömrəli Uşaq musiqi məktəbi və MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə növbəti tədbir keçirilib.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində Xalq şairinin yaradıcılığından bəhs edən kitab sərgisi ilə tanış olublar. Sərgidə həmçinin həvəskar rəssam Könül Salahovanın ədibin poeziyasından ilhamlanaraq çəkdiyi rəsmlər də yer alıb.
Tədbirin əvvəlində şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Şairin Şəkidəki ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli çıxış edərək Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıb, şairlə bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının qüdrətli söz ustalarındandır. Onun əsərləri Azərbaycanda olduğu kimi, qardaş türk respublikalarında da oxunur, sevilir.
Şəki-Zaqatala RMİ-nin rəisi Emil Bədəlov Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatına, incəsənətinə, mədəniyyətinə göstərdiyi yüksək qayğıdan söz açıb. Bildirib ki, Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidenti tərəfindən imzalanan sərəncam ölkəmizdə ədəbiyyat, elm və mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Bədii hissədə 2 nömrəli Uşaq musiqi məktəbinin müəllimlərdən ibarət ansamblının ifasında şairin sözlərinə bəstələnmiş musiqilər ifa olunub, şeirləri səsləndirilib.