Məlum olduğu kimi, 2023-cü ilin 6 fevral tarixində Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində yaşayış məntəqələri böyük dağıntıya məruz qalıb. Yeraltı təkanlar ölkənin 11 əyalətində infrastruktura ciddi ziyan vurub, 54 minə yaxın insan həlak olub, 107 mindən çox insan yaralanıb. Aparılan statistikaya görə, yeraltı təkanlar zamanı ümumilikdə 39 minə yaxın bina yerlə yeksan olub.

Bu hadisə o zaman bütün dünyanı sarsıtmışdı. Azərbaycan başda olmaqla bir sıra ölkələr Türkiyənin harayına yetişdi, ona dayaq olmağa çalışdı. Fəlakətin miqyası o qədər böyük idi ki, hava və quru nəqliyyatı məhdudiyyətlərlə işləyirdi. Bölgədə yalnız Qaziantep və Adana hava limanları çalışırdı. Zəlzələnin üçüncü günündə Qaziantep hava limanında bir çox ölkələrdən kömək üçün axın edən axtarış-xilasetmə qruplarını şəxsən görmüşdüm. Bu qrupların bəziləri həm də axtarış-xilasetmə üçün yardım materialları da gətirirdi...

Bu ağır fəlakətin üzərindən bizləri iki il ayırır. Bu müddətdə Türkiyə dövləti var gücü ilə zəlzələnin nəticələrini aradan qaldırmağa çalışır.

Türkiyə Prezidenti Administrasiyası yanındakı Kommunikasiya İdarəsinin təşkilatçılığı və 12 ölkədən 100-ə yaxın jurnalistin iştirakı ilə faciənin ikinci ildönümü münasibətlə həmin bölgələrə üçgünlük mediatur təşkil olundu. Mediaturun məqsədi yerli və beynəlxalq media nümayəndələrini zəlzələdən ən çox zərər görmüş Adıyaman, Kahramanmaraş və Hatayda sosial infrastrukturun yenidən layihələndirilməsi, səhiyyə, təhsil və mədəniyyət ocaqlarının bərpası, yenidən qurulması işləri ilə yerində tanış olmaqdır.

İki il öncə zəlzələ bölgəsinə gedərək yaşanan fəlakəti gördüyüm üçün əminliklə deyə bilərəm ki, ötən dövrdə bu istiqamətdə diqqətəlayiq işlər həyata keçirilib.

***

Mediatur çərçivəsində ilk ayaq basdığımız şəhər Adıyaman oldu. Məlumat üçün bildirim ki, iki il öncə getdiyim Adıyaman, demək olar ki, yerlə yeksan olmuşdu: sakinlərin əksəriyyəti ya çadırlarda yaşayır, ya da qonşu şəhər və qəsəbələrdə qohumların evlərinə yerləşmişdi. Şəhər insanların yeganə isinmə vasitəsi olan ocaqların tüstü-dumanı içərisindəydi. Hazırda isə o bölgədə mənzərə dəyişib, yeni binalar tikilib, şəhərdə əsaslı quruculuq işləri aparılıb və proses hələ də davam edir.

Mətbuat konfransı keçirən Adıyaman valisi Osman Varolun verdiyi məlumatlar da ürəkaçandır: “Türkiyənin ən sürətli və böyük miqyaslı tikinti işləri şəhərin İndere yaşayış məskənində aparılır. Şəhərin yeni hissəsi Adıyamanın 67 min sakinini yerləşdirmək üçün nəzərdə tutulub. Vilayətimizin minlərlə sakini artıq evlə təmin olunub”.

Vali fəlakətin aradan qaldırılmasında Azərbaycanın roluna da toxundu: “Zəlzələdən zərərçəkən 11 vilayətdən ən çox təsirə məruz qalanı Adıyaman oldu və bura ilk dəstək Azərbaycandan gəldi. Adıyamana Azərbaycan həm maddi, həm mənəvi dəstək verib. Təbii fəlakət baş verən ilk həftədən burada Azərbaycan Koordinasiya Mərkəzi yaradılıb və 3 ay boyunca aktiv xilasedici işlər davam etdirilib”.

O.Varol vurğuladı ki, Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində iki qardaş ölkənin birliyi ilə hazırda əsaslı tikinti işləri gedir.

***

Zəlzələnin episentri olan Kahramanmaraşın mərkəzi və görkəmli yerində yerləşən “Azərbaycan” yaşayış massivi (Azərbaycan məhəlləsi) iki qardaş ölkənin birgə inşa etdiyi beynəlxalq layihə əsasında salınır.

Kahramanmaraş valisi Mükərrəm Ünlüerin sözlərinə görə, zəlzələdən sonra “Azərbaycan” məhəlləsində yeni bir yaşayış məskəni inşa olunur: “Azərbaycan məhəlləsi çox dəyərli bölgədir və buraya qoyulan sərmayənin ümumilikdə 27 faizi, demək olar ki, təhlükəsiz zəmində inşaatın aparılmasına sərf olunub”.

Valinin sözlərinə görə, Kahramanmaraşda Azərbaycana çox böyük sevgi var: "Azərbaycan" yaşayış massivinin şəhərin mərkəzində tikintisi də bunu sübut edir. Həmin ağır günlərdə Azərbaycanın göstərdiyi böyük dəstək ölkələrimizin qardaşlığının daha bir təzahürü oldu. Yaxın aylarda burada inşaat işləri tamamlanacaq və sakinlər əraziyə köçürüləcək".

Kahramanmaraş Bələdiyyəsinin sədri Fırat Görgel isə qeyd etdi ki, “Azərbaycan” məhəlləsində tikilmiş mənzillərin sahibləri püşkatma yolu ilə müəyyən olunacaq.

Kahramanmaraşda media nümayəndələri üçün keçirilən toplantıda Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Risk azaltma şöbəsinin rəhbəri Orhan Tatar dedi ki, hazırda dövlət tərəfindən əsrin fəlakətinin nəticələrinin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edilir.

Zəlzələnin"əsrin fəlakəti" adlandırılmasının səbəbini mütəxəssis yüz metrlərlə yerdəyişmənin başverməsi ilə əlaqələndirdi: “Hatayda 400 metr uzunluğunda nəhəng çat əmələ gəldi. Kahramanmaraşın Çiğli kəndi 6,5 metr sürüşdü”.

O.Tatar onu da vurğuladı ki, bu təbii fəlakət zamanı 90-dan çox ölkə dəstək verib. O da zəlzələ zamanı ilk yardımın Azərbaycandan göndərildiyini və tikinti-bərpa, eləcə də digər məsələlərdə ölkəmizin dəstəyinin davam etdiyini dedi.

AFAD rəsmisi bildirdi ki, bütövlükdə İngiltərənin ərazisi qədər sahə bu təbii fəlakətin zərərinə məruz qalıb.

***

Anadolunun ən qədim yaşayış məskənlərindən biri olan Hatayın yaraları Adıyaman və Kahramanmaraşla müqayisədə daha dərin görünür. Vilayətin mərkəzi Antakya şəhəri bizi leysan yağışla qarşıladı. Mərkəzdən kənarlara doğru əhalinin, demək olar ki, yarısı hələ də konteyner evlərdə, çadırlarda məskunlaşıb.

Hatay Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi Mehmet Burak Dal dedi ki, əksəriyyəti həkim olmaqla təkcə bu xəstəxananın 102 tibb işçisi həlak olub. Baş həkim qəhərlənərək məsləkdaşları ilə bərabər ən yaxın əzizlərinin də zəlzələdə həyatını itirdiyini bildirdi.

Hatay valisi Mustafa Masatlı isə zəlzələ qurbanlarının sayı barədə dedi ki, zəlzələ zamanı ümumi itkilərin yarısı Hatayın payına düşür.

Vali də Azərbaycanın təbii fəlakətdən zərər çəkənlərə təcili tibbi yardım, axtarış-xilasetmə və digər məsələlərdə dəstəyini əsirgəmədiyini vurğuladı: "Azərbaycanlı qardaşlarımız həm maddi dəstək verdilər, həm də dağıntıya məruz qalan bəzi yerlərin inşasına yardım etdilər. Bütün Azərbaycan xalqına təşəkkür edirəm”.

Sevinci sevincimiz, kədəri kədərimiz olan qardaş Türkiyənin zəlzələnin ilk günündə kədərinə şərik olduğumuz kimi, bu gün küllərindən doğularaq bölgəni surətlə abadlaşdıran ölkənin sevincinə şərik oluruq. Bütün bu proseslərlə bizə ətraflı tanış olmaq üçün imkan yaradan Türkiyə Prezidenti Administrasiyası yanındakı Kommunikasiya İdarəsinə, xüsusilə proqram qrupuna minnətdarlığımı bildirirəm.

 

Mehparə Sultanova

Ankara